Frenki de Yonq sıraya döndü – Rəsmi

Futbol üzrə Niderland milli komandasının və “Barselona”nın mərkəz yarımmüdafiəçisi Frenki de Yonq zədəsini tam sağaldıb.

Arena.az bu barədə İspaniya klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

27 yaşlı futbolçu ümumi qrupla məşqləri bərpa edib. De Yonq UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turu çərçivəsində keçiriləcək “Yanq Boyz”la matçda meydana çıxa biləcək.

Xatırladaq ki, 2024-cü ilin aprelində De Yonq topuğundan ciddi zədə alıb. O vaxtdan bərpasını davam etdirən niderlandlı futbolçu hələ də meydana çıxmayıb.

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik də De Yonqun zədəsini sağaltdığını və yenidən meydana qayıtmağa yaxın olduğunu bildirib:

“Frenkinin geri qayıtması bizim üçün çox vacibdir. Bu, “Barselona” üçün çox yaxşı xəbərdir. De Yonq geri qayıtmağa şad olacaq. Əgər fürsəti olsa, “Yanq Boyz”a qarşı oynayacaq. Amma bu fürsətin nə qədər olduğunu dəqiq bilmirəm. 10-15 dəqiqə, bəlkə daha çox”, deyə Flik açıqlayıb.

Frenki de Yonq futbola Tilburq təmsilçisi “Villem II” klubunda qədəm qoyub, buadan “Ayaks”ın futbol akademiyasına yol taparaq, Niderland nəhənginin düşərgəsində püxtələşib. 2019-cü ilin iyulunda “Barselona” 86 milyon avro məbləğ müqabilində Frenki de Yonqu “blauqra”nanın düşərgəsinə qatıb. Niderlandlı futbolçunun Kataloniya klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə De Yonq “Barselona”nın heyətində bütü yarışlarda 30 oyuna çıxıb, 2 qol vurub. De Yonqun “blauqrana”nın heyətində ümumi çıxışı rəqəmlərin gözü ilə belə mənzərə yaradır: 213 oyun, 17 qol, 21 məhsuldar ötürmə.

Frenki de Yonq 2018-ci ilin sentyabrında debüt etdiyi Niderland yığmasının heyətində 54 oyuna çıxıb, 2 qol vurub, 6 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 27 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.