“Frozinone” yenidən A Seriyasında!

Bu mövsüm İtaliya B Seriyasında mübarizə aparan “Frozinone” komandası 2023/2024 mövsümündən etibarən A Seriyasında çıxış edəcək. Arena.az xəbər verir ki, sözügedən komanda B Seriyasında mövsümün başa çatmasına 3 tur qalmış çempionatın ən azı ilk iki pilləsindən birini təmin edib.

Ötən gecə 35-ci tur çərçivəsində doğma meydanda “Recina”nı 3:1 hesabı ilə məğlub edən Fabio Qrossonun komandası üçüncü pillədəki “Bari” üçün əlçatmaz olub. Hazırda aktivində 71 xal olan lider, “Bari”ni 10 xal qabaqlayır. A Seriyasına vəsiqə verən ikinci yerdə isə “Cenoa” (67 xal) qərarlaşıb. Komandanın mövsümü çempion kimi başa vurmaq şansları da kifayət qədər yüksəkdir.

Qeyd edək ki, İtaliya B Seriyasında ilk iki yeri tutan komandalar birbaşa A Seriyasına vəsiqə əldə edirlər. 3-8-ci yerləri tutanlar isə üçüncü vəsiqə uğrunda pley-off oyunlarında qarşılaşırlar. 35 turdan sonra “Sudtirol” 54 xalla 4-cü, “Parma” 52 xalla 5-ci, “Kalyari” 51 xalla 6-cı, “Piza” 46 xalla 7-ci, “Recina” 46 xalla 8-ci pillədə qərarlaşıb. 9-cu olan “Askoli”nin də 46 xalı var.

Sonda onu da xatırladaq ki, “Frozinone” tarixində üçüncü dəfə İtaliya A Seriyasına vəsiqə qazanıb. Bu komanda daha əvvəl 2015/2016 və 2018/2019 mövsümlərində də bunu bacarmışdı. Lakin hər iki halda sözügedən kollektiv 19-cu yeri tutaraq, elitanı tərk edib.

Frozinone şəhərinin eyniadlı təmsilçisi olan bu klub 1906-cı ildə yaradılıb. Klubun prezidenti Mauritsio Stirpedir. Komandanın baş məşqçisi isə İtaliya yığmasının sabiq üzvü, dünya çempionu olmuş Fabio Qrossodur. Daha öncə “Bari”, “Verona”, “Breşiya” və “Syon”da çalışmış “İnter” və “Yuventus”un 45 yaşlı sabiq müdafiəçisi 2021-ci ildən indiki komandasının baş məşqçisidir.