Azərbaycan Premyer Liqasında iştirak hüququ qazanmış “Şamaxı”nın sol cinah müdafiəçisi Fuad Bayramov “Zirə”yə transfer olub.
Arena.az xəbər verir ki, bu barədə Şamaxının eyniadlı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, geridə qalan mövsümü icarə əsasında “Zirə”də keçirmiş Fuad Bayramovun icarə müqaviləsində yer alan bəndə əsasən paytaxt klubu transfer etmək hüququndan yararlanıb və futbolçunu birdəfəlik heyətinə qatıb.
“Şamaxı” Fuad Bayramova bu kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, daha öncə “Sumqayıt”ın ikinci komandasında və “Turan Tovuz”da da oynamış Fuad Bayramov 2021-ci ilin iyul ayından 2023-cü ilin iyuluna kimi “Şamaxı”nın formasını geyinib. O, bu komandanın heyətində meydana çıxdığı 37 oyunda 4 qol vurub, 8 məhsuldar ötürmə müəllifi olub.
2023-cü ilin yayında icarə əsasında “Zirə”yə keçmiş Fuad, paytaxt təmsilçisinin heyətində 31 oyuna çıxıb. Bu oyunlarda 2 qol vurmuş müdafiəçi 1 assistlə yadda qalıb.
Qeyd edək ki, “Zirə” hələlik Fuadın transfer hüquqlarını almasına dair rəsmi açıqlama yaymayıb. Paytaxt klubu hələlik yalnız ukraynalı hücumçusu Vladislav Kulaçla vidalaşdığını açıqlayıb.
“Şamaxı”da isə Bayramovdan öncə Əkbər Vəliyev, Süleyman Damadayev, Elçin Qasmov, Əbil Əbilov, Əli Mürsəlov və İbrahim Aslanlı da komandanı tərk etməli olub. Əvəzində klub Səbayıl Bağırov və Abdulla Seydəhmədovlə yeni müqavilə bağlayıb.


