Bu gün futzal üzrə Azərbaycan kubokunda 2022/2023 mövsümünün yarımfinal mərhələsinin oyunları keçirilib. Arena.az xəbər verir ki, hər iki qarşılaşma eyni gündə baş tutub.
Günün ilk matçında Yüksək Liqanın bürünc medalçısı “Baku Fire” Birinci Liqanın gümüş medalçısı MUM ilə qarşılaşıb. Aşağı dəstə təmsilçisi bir hissə müqavimət göstərə bilib. Belə ki, fasiləyə qədər tərəflər hərəyə 1 qol vurublar. İkinci hissə daha məhsuldar alınıb. Yüksək Liqa iştirakçısı daha 6 qol vurmaqla adını finala yazdıran ilk komanda olub.
Günün ikinci oyununda isə Yüksək Liqanın gümüş medalçısı “Neftçi” İK İkinci Liqanın qalibi “Rəvan”la üz-üzə gəlib. Hesabı aşağı dəstə komandası açıb. Amma fasiləyə qədər “Neftçi” İK rəqibini 3 dəfə məyus edib. İkinci hissədə də “Neftçi” üstün olub və dueli qələbə ilə başa vurub. Nəticədə bu komanda finala vəsiqə qazanıb.
Beləliklə, “Neftçi” həlledici oyunda cari mövsümdə ən çox qarşılaşdığı komandayla – “Baku Fire” ilə gücünü sınayacaq.
Futzal üzrə Azərbaycan kubokunda mövsümün final qarşılaşmasının mayın 24-də keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, “Neftçi” İK Yüksək Liqada da “Araz Naxçıvan”la finalda oynamaq hüququ qazanmış, lakin həlledici oyunda uduzaraq gümüş medallarla kifayətlənmişdi.
Azərbaycan kuboku
Yarımfinal
20 may
Baku Fire – MUM 7:1
Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, Xəlil Xəlilov
Hakim-inspektor: Füzuli Nəcəfov
Bakı İdman Sarayı. Saat 19:30.
Neftçi İK – Rəvan 4:1
Hakimlər: Hikmət Qafarlı, Hacıəli Ağayev, Nahid Xasıyev
Hakim-inspektor: Murad Məmmədov
Bakı İdman Sarayı. Saat 21:30.