Futzal millimiz bu gün Bosniya və Herseqovinada ilk sınağına çıxır

Futzal üzrə Azərbaycan millisi bu gün Bosniya və Herseqovinada bu ölkənin yığma komandası ilə yoxlama oyunu keçirəcək.

Arena.az xəbər verir ki, dünən matçın keçiriləcəyi Zenitsa şəhərinə yollanmış komandamız axşam məşqini Huseyn Smayloviç adına Arenada reallaşdırıb.

90 dəqiqə davam edən hazırlıq prosesində futzalçılar əsasən taktiki planda tapşırıqlar yerinə yetiriblər.

Komandamızın məşqindən sonra baş məşqçi Vitali Borisov Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlama verib:

“Bosniya və Herseqovinada ilk məşqimizi keçirdik. Əsas məqsədimiz zala uyğunlaşmaq idi. Komandamızda zədəli oyunçularımız yoxdur. Sabahkı (bugünkü) oyunda bütün oyunçularımıza şans verməyə çalışacağıq. Oyunu yaxşı nəticə ilə başa vurmaq istəyirik”.

Azərbaycan millisi ilə Bosniya və Herseqovina yığmaları arasındakı ilk görüş də bu gün Zenitsa şəhərində baş tutacaq. Matça Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.

Qeyd edək ki, yığmamızı sabah bu rəqiblə daha bir oyun gözləyir. Eyni arenada baş tutacaq ikinci qarşılaşmaya da Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.

Yoxlama oyunu
4 noyabr

22:00. Bosniya və Herseqovina – Azərbaycan
Zenitsa. Huseyn Smayloviç Arenası.

Xəbəri sosial şəbəkələrdə paylaş: