Futzal millimizin Çexiya ilə oyunlar üçün heyəti açıqlandı

Bu ay Çexiya yığması ilə iki yoxlama oyunu keçirəcək futzal üzrə Azərbaycan millisi Bakıda təlim-məşq toplanışına başlayıb.

Arena.az Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, bu gün ilk məşqinə çıxan futzalçılarımız sentyabrın 16-dək paytaxtda hazırlıq keçəcəklər.

Komandamız sentyabrın 17-dən 21-dək Çexiyanın Zlin şəhərində də təlim-məşq toplanışında olacaq. Bu müddət ərzində millimizin Çexiya yığması ilə 2 yoxlama oyunu keçirməsi nəzərdə tutulub.

Çexiya – Azərbaycan oyunları sentyabrın 19-da və 20-də Zlin şəhərində baş tutacaq.

Millimizin baş məşqçisi Vitali Borisov məşqlərə 3-ü qapıçı olmaqla ümumilikdə 16 futzalçı dəvət edib. Səfərə aparılacaq heyət toplanışın sonunda müəyyənləşəcək. Bu barədə əlavə məlumat veriləcək.

Qapıçılar: Emin Kürdov, Vladislav Reznov (hər ikisi “Araz-Naxçıvan”), Kamran Hacıyev (“Baku Fire”);

Meydan oyunçuları: Emil Həsənzadə, Xəzər Ağalızadə, İlham Alıyev, Ülvi Əliyev (hamısı “Araz-Naxçıvan”), Tofiq Mikayılov, Nurlan Mehdizadə, Oktay Rüstəmli, Fərid Abbasov, Murad Quluzadə (hamısı “Baku Fire”), Fərid Atakişiyev, Mirzə Əmirov, Eldar Zeynalov, Seymur Məmmədov (hamısı “Neftçi”).