Futzal üzrə Azərbaycan çempionatında yenə “Araz” çempion oldu

Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2021/22 mövsümünə yekun vurulub. Arena.az xəbər verir ki, mövsümün sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Əvvəlcə üçüncü yer uğrunda oyunda “Neftçi” İK və “Baku Fire” komandaları üz-üzə gəlib. 8 qolun qeydə alındığı oyundan 6:2 hesablı qələbə ilə ayrılan “Neftçi” İK mövsümü üçüncü pillədə başa vurub və bürünc medalın sahibi olub.

Həlledici – final oyununda isə son illərin dəyişməz çempionu “Araz”la (Naxçıvan) EKOL komandası üz-üzə gəlib. Rəqibini 9:2 hesabıyla məğlub edən Naxçıvan təmsilçisi rəqib tanımadığını növbəti dəfə isbatlayıb. Beləcə, “Araz” tarixində 16-cı dəfə Azərbaycan çempionu olub. Naxçıvan klubunun indiyəqədərki bütün çempionluqlarının siyahısını təqdim edirik:

2004/05, 2005/06, 2006/07, 2007/08, 2008/09, 2009/10, 2010/11, 2011/12, 2012/13, 2013/14, 2015/16, 2016/17, 2017/18, 2018/19, 2019/20, 2021/22.

Xatırladaq ki, final mərhələsindən öncə pley-off oyunları baş tutmuşdu. “Araz” pley-offda “Baku Fire” ilə qarşılaşmış və ilk oyunda 9:3, ikinci oyunda isə 6:0 hesabıyla qalib gələrək finala yüksəlmişdi. EKOL isə “Neftçi” İK ilə görüşlərdə müvafiq olaraq 2:0 və 4:2 üstün olmuşdu.

Yüksək Liqada 2021/22 mövsümünün əsas mərhələsində isə 8 komanda mübarizə aparırdı. 21 turdan ibarət bu mərhələdə də “Araz” bütün rəqiblərini qabaqlamağa nail olmuşdu. Əsas mərhələnin yekunundakı turnir cədvəlini təqdim edirik:

  1. Araz (19 qələbə – 1 heç-heçə – 1 məğlubiyyət) – 58 xal
  2. EKOL (16 – 1 – 4) – 49 xal
  3. Neftçi İK (14 – 2 – 5) – 44 xal
  4. Baku Fire (12 – 2 – 7) – 38 xal
  5. U-19 (6 – 2 – 13) – 20 xal
  6. Record (6 – 0 – 15) – 18 xal
  7. Alyans (5 – 0 – 16) – 15 xal
  8. Xilə (2 – 0 – 19) – 6 xal

Məhz bu nəticələrə əsasən, ilk dördlükdə qərarlaşan kollektivlər reqlamentə əsasən pley-offda oynamaq hüququ qazanmışdılar.

Mövsümün qalibləri mükafatlandırıldı

Bu gün baş tutan final matçından sonra mövsümün qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Mükafatları komandalara AFFA-nın baş katibi Sərxan Hacıyev, AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov təqdim ediblər.

Əvvəlcə final matçının hakimlərinə – Knyaz Əmiraslanov, Ziya Nəsirov, Rza Məmmədov, eləcə də hakim-inspektor Füzuli Nəcəfov – diplomlar təqdim olunub. Ardınca müxtəlif nominasiyalar üzrə fərqlənənlərə fəxri kürsüyə dəvət olunub. Ən yaxşı qapıçı Emin Kürdov (EKOL), ən yaxşı oyunçu Rizvan Fərzəliyev (Araz-Naxçıvan), ən yaxşı məşqçi isə Elşad Quliyev (Neftçi İK) seçilib. Mövsüm ərzində 46 qol vuran Maneka bombardir olub. Gənc qapıçıların yetişdirilməsi və milli komandalara qazandırılması istiqamətindəki fəaliyyətinə görə məşqçi Ağakərim Həsənova təşəkkürnamə verilib.

Daha sonra “Neftçi” İK-ə bürünc, EKOL-a gümüş, “Araz”a qızıl medallar təqdim olunub. Sonda “Araz”ın kapitanı Rizvan Fərzəliyevə çempionluq kuboku verilib.