Bu gün keçirilən final oyunu ilə futzal üzrə Azərbaycan kubokunun 2022/2023-cü il mövsümünə yekun vurulub. Arena.az xəbər verir ki, həlledici oyun Yüksək Liqanın gümüş və bürünc medalçıları – “Neftçi” İK və “Baku Fire” komandaları arasında baş tutub.
Birinci hissənin ilk 10 dəqiqəsi daha çox qarşılıqlı hücumlarla yadda qalıb. Hesab isə 12-ci dəqiqədə açılıb. Bundan sonra nominal qonaqlar ardıcıl qollar vurmaqla fasiləyə 4 top üstünlüklə yollanmağı bacarıblar.
İkinci hissəni “Neftçi” İK daha çox qapıçını meydan oyunçusu ilə əvəzetməklə keçirsə də, hesabda geridönüş edə bilməyib. Son dəqiqədə isə bu komanda iki 10 metrlik cərimə zərbəsindən yararlana bilməyib. Əvəzində rəqib fərqi artırıb və qələbəsini təmin edib. Yekunda 5:0 hesablı qələbə qazanan “Baku Fire” tarixində ilk dəfə Azərbaycan kubokunu qazanıb.
Xatırladaq ki, futzal üzrə Azərbaycan kubokunun ötən mövsümündə “Neftçi” İK hamıdan güclü olmuşdu. Bu mövsüm Yüksək Liqanın qalibi isə həmişəki kimi, “Araz Naxçıvan” olub.
Azərbaycan kuboku
Final
24 may
Neftçi İK – Baku Fire 0:5
Qollar: Oruc Baxşəlizadə, 11:07. Yaqo Enrike, 14:00. Tofiq Əliyev, 15:31; 29:30. Elvin Quliyev, 17:22.
Hakimlər: Hikmət Qafarlı, Əli Cəbrayılov, Ceyhun Hüseynov.
Hakim-inspektor: Azər Əsgərov.
Bakı İdman Sarayı. Saat 14:00.
Neftçi İK: Anar Məmmədov, 3. Fərid Atakişiyev, 5. Behzad Hassanzade, 38. Hasan Ali Jafari, 94. Ali Mikaili, 1. Samir Mehdiyev, 6. Mirzə Əmirov, 7. İlkin Hacıyev, 8. Ülvi Əliyev, 9. Nurlan Mhedizadə, 10. Rüfət Balakişiyev (k), 11. Namiq Məmmədkərimov, 13. Əjdər Əjdərov, 17. Asif Zeynalov.
Baş məşqçi: Hacıbala Abdullazadə.
Baku Fire: Elnur Zamanov, 3. Oruc Baxşəlizadə, 4. Elvin Quliyev (k), 7. Faiq Əliyev, 9. Murad Quluzadə, 2. Pavel Repin, 10. Oktay Rüstəmli, 11. Yaqo Enrike, 13. Leonardo, 15. Puriya Qolşani, 19. Tofiq Əliyev, 21. Soruş Heydari, 22. Kənan Manafov, 51. Sezar Auqusto.
Baş məşqçi: Teymur Eyvazov.