Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) keçirilən final və 3-cü yer uğrunda oyunlarla 2022/2023 mövsümünə yekun vurulub. Arena.az xəbər verir ki, əvvəlcə bürünc medalçının adına aydınlıq gəlib.
3-cü yer uğrunda oyunda “Baku Fire” və “Record” komandaları üz-üzə gəliblər. Bakı İdman Sarayında baş tutan matçda birincilər darmadağınla qalib gəliblər. Nəticədə “Baku Fire” mövsümü bürünc medalla başa vurub.
“Neftçi”nin sürpriz arzusu
Daha sonra final oyunu baş tutub. Həlledici oyunda mövsümün əsas hissəsini lider kimi başa vurmuş “Araz Naxçıvan”la “Neftçi” İK üz-üzə gəlib. Hansı ki, cari mövsümdə “Araz Naxçıvan”a yeganə xal itkisini məhz bu komanda yaşatmışdı. Bu üzdən “Neftçi” İK son dueldə də sürprizə imza atmağı düşünürdü.
Pley-off mərhələsindəki ilk oyunda yenilsə də, sonrakı 2 dueldə qələbə qazanaraq qızıl medal uğrunda oynamaq hüququ qazanan “Neftçi” İK mövsümün son görüşünə itkilərlə çıxmışdı. Nurlan Mehdizadə və Rüfət Balakişiyev sarı vərəqə cəzalısı olduğuna görə komandasına kömək edə bilmirdi. Əvəzində pley-off-da meydana çıxmayan İlkin Hacıyev və Məhəmməd Abbasov bu dəfə forma geyinmək imkanı qazanmışdı. “Araz Naxçıvan”da isə uzun müddətdir zədəli olan Ponsedən başqa kənarda qalan yox idi.
3-cü yer uğrunda oyundan fərqli olaraq, final matçında cəmi 5 qol qeydə alınıb. Rəqibini 4:1 hesabıyla məğlub edən “Araz Naxçıvan” gözlənildiyi kimi, sürprizə imkan verməyib. Nəticədə Naxçıvan təmsilçisi 29-cu Azərbaycan çempionatının qalibi olub. Bu oyunla həm də Yüksək Liqada cari mövsümə yekun vurulub.
Final oyunu başa çatdıqdan sonra 2022/2023 mövsümünü ilk 3 pillədə başa vuran komandalar mükafatlandırılıb. Əvvəlcə final oyununun hakimləri – Hikmət Qafarlı, Knyaz Əmiraslanov və Əli Cəbrayılov fəxri kürsüyə dəvət olunub. Ardınca hakim-inspektor Murad Məmmədova diplom verilib.
“Baku Fire” klubunun hücumçusu Oktay Rüstəmli (36 qol) çempionatın bombardiri olub. “Araz Naxçıvan”dan Emin Kürdov ən yaxşı qapıçı, “Neftçi”dən Namiq Məmmədkərimov ən yaxşı oyunçu, “Baku Fire” komandasının çalışdırıcısı Teymur Eyvazov isə ən yaxşı baş məşqçi seçilib.
“Baku Fire” kollektivinə bürünc, “Neftçi”yə gümüş, “Araz Naxçıvan”a isə Yüksək Liqanın 2022/2023 mövsümünün qalibi kimi qızıl medal təqdim olunub. Komandaların hər birinə müvafiq diplomlar da verilib. Sonda “Araz Naxçıvan”a çempionluq kuboku təqdim olunub.
Mükafatları Azərbaycan Futzal Federasiyasının prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü Zaur Axundov, AFFA-nın baş katibi Sərxan Hacıyev və Neftçi İdman Klubu İB-nin idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov təqdim ediblər.
“Araz Naxçıvan”dan 17-ci çempionluq
Xatırladaq ki, sayca 28-ci ölkə çempionatının da qalibi olmuş “Araz Naxçıvan” tarixində 17-ci dəfə ölkə çempionu olub. 2020/2021 mövsümündə çempionat keçirilməyib və İcraiyyə Komitəsinin qərarı ilə bir il əvvəlki çempion – “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edib. Naxçıvan təmsilçisindən sonra iki komanda 3 dəfə ölkə çempionu titulunu qazanıb. Söhbət “Avtomobilçi” və “Turan AİR”dən gedir. İlk çempion isə “Nicat” olub. “Araz Naxçıvan” ardıcıl 10 dəfə çempion olduqdan sonra seriyanı “Khazar Islands” qırıb.
Futzal üzrə ilk Azərbaycan çempionatı 1993-cü ildə keçirilib. İndiyə qədər keçirilmiş çempionatların qaliblərini diqqətinizə çatdırırıq:
- “Nicat” (Bakı)
1994/95. “Azadə”
1995/96. “Avtomobilçi”
1996/97. “Avtomobilçi”
1997/98. “Avtomobilçi”
1998/99. “Azərneftyanacağ”
1999/00. “Azərneftyanacağ”
2000/01. “Turan AIR”
2001/02. “Turan AIR”
2002/03. “Tribut”
2003/04. “Turan AIR”
2004/05. “Araz Naxçıvan”
2005/06. “Araz Naxçıvan”
2006/07. “Araz Naxçıvan”
2007/08. “Araz Naxçıvan”
2008/09. “Araz Naxçıvan”
2009/10. “Araz Naxçıvan”
2010/11. “Araz Naxçıvan”
2011/12. “Araz Naxçıvan”
2012/13. “Araz Naxçıvan”
2013/14. “Araz Naxçıvan”
2014/15. “Khazar Islands”
2015/16. “Araz Naxçıvan”
2016/17. “Araz Naxçıvan”
2017/18. “Araz Naxçıvan”
2018/19. “Araz Naxçıvan”
2019/20. “Araz Naxçıvan”
2020/21. Koronavirus pandemiyası ilə əlaqədar ölkədə idman zalları qapalı olduğuna görə çempionat keçirilməyib. AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, “Araz Naxçıvan” ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edib.
2021/22. “Araz Naxçıvan”
Yüksək Liqa
15 may
3-cü yer uğrunda oyun
Baku Fire – Record 23:3
Qollar: Oktay Rüstəmli, 5:16; 18:56; 27:21; 28:40; 30:30; 32:48; 36:52; 37:23; 37:39; 37:59; 39:49. Kənan Manafov, 6:11; 13:44; 22:23. Tofiq Əliyev, 7:26; 9:50; 12:10; 28:57; 31:40. Anar İsayev, 7:54-öz qapısına. Murad Quluzadə, 14:51; 16:16. Oruc Baxşəlizadə, 33:52 – Tofiq Məlikov, 28:06. Onur Əlizadə, 28:25. Emin Məhərrəmli, 38:52.
Hakimlər: Rza Məmmədov, Hacıəli Ağayev, Ziya Nəsirov.
Hakim-inspektor: Elçin Səmədli.
Bakı İdman Sarayı. Saat 16:00.
Baku Fire: 1. Elnur Zamanov, 4. Elvin Quliyev (k), 9. Murad Quluzadə, 10. Oktay Rüstəmli, 19. Tofiq Əliyev, 2. Pavel Repin, 3. Oruc Baxşəlizadə, 7. Faiq Əliyev, 11. İaqo Henrique, 13. Leonardo, 15. Pouria Qolşani, 22. Kənan Manafov, 51. Sezar Auqusto.
Baş məşqçi: Teymur Eyvazov.
Record: 23. Mehdi Kərimi, 5. Emin Məhərrəmli, 11. Elmir Xəlilov, 17. Tofiq Məlikov, 20. Anar İsayev, 3. Onur Əlizadə, 24. Taryel Xasıyev, 27. Emil Valehov, 28. İzzət Mehdiyev.
Final
Araz Naxçıvan – Neftçi İK 4:1
Qollar: Xətai Bağırov, 1:37. Amadeu, 14:47. Felipinyo, 20:40. Nata Felipe, 38:16 – Namiq Məmmədkərimov, 13:41.
Hakimlər: Hikmət Qafarlı, Knyaz Əmiraslanov, Əli Cəbrayılov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı İdman Sarayı. Saat 18:30.
Araz Naxçıvan: 1. Emin Kürdov, 9. Andreu Verqas, 10. İsa Atayev, 11. Xətai Bağırov, 20. Katatau, 12. Cavad Məmmədov, 7. Ramiz Çovdarov, 8. Felipinyo, 13. Nata Felipe, 14. Xəzər Ağalızadə, 15. Novruz Kazıxanov, 17. Lukas Romao, 18. Fərid Ələkbərov (k), 19. Amadeu.
Baş məşqçi: Joze Alesio Da Silva.
Neftçi İK: 12. Anar Məmmədov, 3. Fərid Atakişiyev (k), 5. Behzad Hassanzade, 38. Hasan Ali Jafari, 94. Ali Mikaili, 1. Samir Mehdiyev, 4. Məhəmməd Abbasov, 6. Mirzə Əmirov, 7. İlkin Hacıyev, 8. Ülvi Əliyev, 11. Namiq Məmmədkərimov, 13. Əjdər Əjdərov, 16. Zaur Sultanov, 17. Asif Zeynalov.
Baş məşqçi: Hacıbala Abdullazadə.
Bombardirlər: Oktay Rüstəmli (Baku Fire) – 36, Nata Felipe (Araz Naxçıvan) – 32, Tofiq Əliyev (Baku Fire) – 30 qol.