Futzal yığmamız Bosniya Herseqovinaya yenə məğlub oldu

Futzal üzrə Azərbaycan milli komandası bu gün Bosniya və Herseqovina yığması ilə ikinci yoxlama oyununu keçirib.

Arena.az xəbər verir ki, yığmamız bu rəqibə qarşı bir gün öncə keçirdiyi ilk sınaq matçında 0:7 hesabıyla uduzmuşdu.

Dünənki matçla müqayisədə baş məşqçi Vitali Borisov bu dəfə qapıda Kamran Hacıyevə şans verib. Rəqibin heyətində də qapıçı dəyişikliyi olub. Ondan başqa, Melher bu dəfə daha 3 futzalçını yoxlamaq məqsədi ilə matçın protokoluna daxil edib. Oyun yenə komandamız üçün yaxşı başlamayıb. Bir gün əvvəlki oyunla müqayisədə bu dəfə daha hərəkətli görünən futzalçılarımız topu 7-ci dəqiqədə qapısından çıxarıblar. Təzyiqi artıran meydan sahibləri fasiləyə qədər daha 2 qol vurublar. Futzalçılarımızın da fərqlənmək imkanları olub, amma qeyri-dəqiqlik şanslardan maksimum istifadə etməyə imkan verməyib. İkinci hissədə ilk qolu komandamız vurub. Seymur Məmmədov pressinq edərək topu ələ keçirib və Oktayı görüb. Rüstəmli isə topu tora qovuşdurub. Amma 4 dəqiqə sonra rəqib fərqi yenidən 3 topa çatdırıb. Brkaniçin dublu isə yekun hesabı müəyyənləşdirib.

Futzal
Yoxlama oyunu
5 noyabr

Bosniya və Herseqovina – Azərbaycan 5:1
Qollar: Faruk Brkaniç, 6:14; 34:04. Bilal Yeliç, 10:35; 12:04. Yosip Başkoviç, 28:43 – Oktay Rüstəmli, 24:26.
Zeniça. Huseyn Smayloviç adına Arena. Saat 22:00
Hakimlər: Nikola Tadiç, Farik Keço, Vedran Marçinko.

Bosniya və Herseqovina: 1. Senad Poraçanin, 7. Srdan İvankoviç, 8. Mariyo Aladziç (k), 9. Yosip Sesar, 11. Yosip Başkoviç, 12. Amer Deliç, 2. Deyan Pavloviç, 3. Seyad İbrişimoviç, 4. Davor Arnautoviç, 6. Draqan Edi Mariç, 10. Bilal Yeliç, 13. Muanis Duvnyak, 15. Edvin Bosniç, 16. Faruk Brkaniç.
Baş məşqçi: Qoran Melher.

Azərbaycan: 12. Kamran Hacıyev, 3. Nurlan Məmmədov, 7. Xəzər Ağalızadə, 9. Emil Həsənzadə, 14. Ülvi Əliyev, 1. Emin Kürdov (k), 2. İlham Alıyev, 4. Fərid Abbasov, 5. Eldar Zeynalov, 6. Mirzə Əmirov, 8. Murad Quluzadə, 10. Oktay Rüstəmli, 17. Seymur Məmmədov, 20. Tofiq Mikayılov.
Baş məşqçi: Vitali Borisov.