Fyodr Kudryaşov və daha 9 futbolçu “Antalyaspor”dan getdi

Türkiyənin “Antalyaspor” klubu rusiyalı müdafiəçisi Fyodr Kudryaşov və icarəyə götürdüyü 8 futbolçu ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Kudryaşovla müqavilənin müddəti başa çatıb. 36 yaşlı sol cinah müdafiəçisi 2020-ci ildə “Soçi”dən Super Liqa klubuna keçmişdi. O, Antalya klubunun heyətində 110 matça çıxıb, 1 qol və 3 assistlə yadda qalıb.

Fyodr Kudryaşov daha öncə Türkiyədə “Başakşəhər”in də formasını geyinib. O, öz ölkəsində də “Axmat”, “Rostov”, “Spartak” (Moskva), “Rubin”, “Soçi”, “Tom”, “Krasnodar” kimi klubların uğurları üçün çalışıb. Müdafiəçi Rusiya yığmasında da 48 matça çıxıb, 1 qolla yadda qalıb.

Yeri gəlmişkən, “Antalyaspor” digər klublardan icarəyə götürdüyü 8 futbolçu ilə də yollarını ayırıb. Elita təmsilçisi Doğukan Sinik, Alassane Ndao, Cemali Sertel, Mark Mampassi, Kristian Luyindama, Balint Şabo, Bertuğ Yıldırım və Emrecan Uzunhanın icarə müddətinin bitdiyini və öz klublarına qayıtdıqlarını elan edib.

Xatırladaq ki, Doğukan Sinik bu ilin yanvarında “Hall Siti”dən, Mark Mampassi bu ilin fevralında Moskva “Lokomotiv”indən, Alassane Ndao ötən yay “Əl-Əhli”dən, Kristian Luyindama ötən ilin sentyabrında “Qalatatasaray”dan icarəyə götürülmüşdü. Balint Şabo da Macarıstanın “Pakş” klubundan bu ilin fevralında Antalya təmsilçisinə üz tutmuşdu. Cemali Sertel “Başakşəhər”dən, Bertuğ Yıldırım “Hatayspor”dan, Emrecan Uzunhan da “Beşiktaş”dan icarəyə götürülmüşdü.

“Antalyaspor” hücumçusu Admir Mehmedi ilə də yollarını ayırıb. 32 yaşlı futbolçu ilə müaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb.

Mehmedi 2022-ci ilin yanvarında “Volfsburq”dan “Antalyaspor”a keçmişdi. O, bu komandada cəmi 20 oyuna çıxıb və 1 qol vurub. İsveçrə millisinin üzvü daha öncə “Sürix”, “Bayer”, “Volfsburq” və “Frayburq”da da forma geyinib. O, İsveçrə millisində də 76 oyun keçirib, 10 qol vurub.