Gələn mövsümdən etibarən İngiltərə çempionatında (Premyer Liqa) yarımavtomatik ofsayd aşkarlama sisteminin tətbiqinə başlanılacaq.
Arena.az bu barədə “Sky Sports” dərgisinə istinadən məlumat verir.
Premyer Liqa klubları növbəti mövsümdən istifadə edilməyə başlayacaq yeniliyi yekdilliklə dəstəkləyiblər. Müvafiq sistemin bu ilin sonuna qədər inteqrasiyası planlaşdırılır. Onun tətbiqi milli yığma komandaların oyunları üçün payız fasilələrindən birindən sonra gözlənilir.
Bu yenilik VAR-dan istifadə edərək oyundankənar vəziyyətlərini yoxlamaq üçün gərək olan vaxtı 31 saniyəyə qədər azaltmağa kömək etməlidir.
Nəzərinizə çatdıraq ki, yarımavtomatik oyundankənar aşkarlama sistemi hazırda İtaliya çempionatında və Çempionlar Liqasında istifadə edilir. Bu sistem ilk dəfə 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının oyunları zamanı sınaqdan keçirilib.