Gənclər və İdman Nazirliyi rəsmi maskotunu təqdim etdi

Azərbaycan Gənclər və İdman Nazirliyi (AGİN) ölkə ictimaiyyətinə qurumun rəsmi maskotunu təqdim edib.

Arena.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, qızıl qartal formalı maskot “Azzi” adlanır.

“Azzi” öz unikal dizaynı, adı, forması, üzərindəki rəngləri ilə Qarabağ qartalını simvolizə edir. Bundan başqa, qartal Azərbaycan gəncləri və idmançılarına xas olan qorxmazlıq və cəsarət kimi keyfiyyətləri özündə təcəssüm etdirir.

Layihənin təşəbbüskarı Gənclər və İdman Nazirliyidir. Maskotun arxasındakı isə Skott Hesinqtondur. Əslən amerikalı olan mütəxəssisin yaradıcı sahədə iyirmi ilə yaxın zəngin təcrübəsi vardır. O, ABŞ basketbol liqasının “Detroyt Pistons”, “Orlando Magic” kimi komandalarında çalışıb.

Xatırladaq ki, maskot aprel ayında keçirilmiş Formula 1 üzrə Azərbaycan qran-prisinin fan zonasında ilk dəfə olaraq azarkeşləri salamlamışdı. Bundan başqa, idmansevərlər “Azzi”ni paytaxtımızda növbəti iki gün ərzində davam edəcək taekvondo üzrə dünya çempionatında görə bilərlər. Bu gün isə o, Heydər Əliyev adına İdman-Konsert Kompleksində buz meydançasının açılışında məktəbli uşaqların sevimli dostuna çevrilib.

Yeri gəlmişkən qeyd edək ki, bu gün – iyunun 2-də Heydər Əliyev adına İdman Konsert Kompleksində buz meydançasının açılışı olub. Tədbirin əvvəlində qonaqlar və məktəblilər Dövlət Himnimizi birlikdə ifa ediblər.

Gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək bildirib ki, buz meydançasının məhz “Heydər Əliyev İli”ndə istifadəyə verilməsi təsadüfi deyil. Kompleksin əsası Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə qoyulub. Müxtəlif illərdə köməkçi zallarda buz meydançası fəaliyyət göstərib. Bu yaxınlarda isə Gənclər və İdman Nazirliyi tərəfindən kompleksin əsas zalında buz meydançası qurulub.

Meydançanın açılışında 2023-cü il qran-pri və Qış Olimpiya Festivalının iştirakçısı Səbinə Əliyeva nümunəvi çıxış göstərib.

Tədbirdə federasiya rəhbərləri, Olimpiya və dünya çempionları, idman səfirləri və idman ictimaiyyətinin nümayəndələri, məktəblilər, eləcə də ahıllar evlərinin sakinləri iştirak ediblər.

Burada fiqurlu konkisürmə və hokkey idman növlərinin inkişaf etdirilməsi üçün tələb olan hər bir imkan var. Mərkəzdə tezliklə müxtəlif yaş qrupları üzrə bölmələr fəaliyyətə başlayacaq.