Azərbaycanın sərbəst güləşçisi Georgi Meşvildişvili Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti sınağına çıxıb.
Arena.az xəbər verir ki, 125 kq çəki dərəcəsində mübarizə aparan idmançımız yarımfinalda Geno Petriaşvili (Gürcüstan) ilə qarşılaşıb.
Təmsilçimiz bu görüşdə rəqibinə 0:7 hesabı ilə məğlub olub. Meşvildişvili sabah bürünc medal uğrunda yarışacaq.
Xatırladaq ki, Georgi Meşvildişvili Parisdəki Yay Olimpiya Oyunlarında mübarizəyə 1/8 final mərhələsindən başlayıb. O, startda misirli Diaeldin Abdelmottaleblə üz-üzə gəlib və bu rəqibini 4:0 hesabıyla məğlub edib. Georgi 1/4 final mərhələsində də Lxaqvaqerel Munxtura (Monqolustan) 12:2 hesabıyla qalib gələrək yarımfinala yüksəlmişdi.
Yeri gəlmişkən, bu gün mübarizəyə qoşulmuş Azərbaycanın digər sərbəst güləşçisi Turan Bayramov Yay Olimpiya Oyunlarında medal qazanmaq şansını itirib. 74 kq çəki dərəcəsində yarışan idmançının 1/8 finalda uduzduğu rəqibi – Albaniya təmsilçisi Çermen Valiyev finala yüksələ bilməyib. O, 1/4 finalda özbəkistanlı Razambek Camalova yenildiyi üçün güləşçimizin mükafat əldə etmək şansı qalmayıb.
Parisə 6 idmançı ilə yollanmış sərbəst güləş millimizin üzvlərindən Əliabbas Rzazadə (57 kq) və Osman Nurməhəmmədov (86 kq) da Olimpiada ilə vidalaşıblar. Hacı Əliyevlə (65 kq) Məhəmmədxan Məhəmmədov (97 kq) sabah xalçaya çıxacaqlar.
Qeyd edək ki, Azərbaycan Fransadakı Yay Olimpiya Oyunlarına bütövlükdə 48 idmançı ilə qatılıb. İndiyə qədər cüdoçularımız – Hidayət Heydərov və Zelim Kotsoyev Olimpiya çempionu olublar. Taekvondoçumuz Qaşım Maqomedov yalnız finalda uduzaraq gümüş medalla kifayətlənib. Boksçu Alfonso Dominqes də özü üçün ən azı gümüş medalı təmin edib. Amma onun medalının əyarı final görüşündəki nəticəsindən asılı olacaq. Güləşdə isə yeganə medalımızı Həsrət Cəfərov (67 kq) qazanıb. O, Olimpiadada bürünc medal qazanıb.
Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.