Georgi Meşvildişvili Parisdə Azərbaycana 6-cı medalı qazandırdı

Azərbaycanın sərbəst güləşçisi Georgi Meşvildişvili Fransada keçirilən Yay Olimpiya Oyunlarında bürünc medal uğrunda görüşə çıxıb.

Arena.az xəbər verir ki, 125 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Polşa təmsilçisi Robert Baranla üz-üzə gəlib.

Görüş təmsilçimizin 9:3 qələbəsi ilə yekunlaşıb. Bununla da Meşvildişvili ölkəmizin aktivinə növbəti bürünc medalı yazdırıb.

Xatırladaq ki, Georgi Meşvildişvili Parisdəki Yay Olimpiya Oyunlarında mübarizəyə ötən gün 1/8 final mərhələsindən başlamışdı. O, startda misirli Diaeldin Abdelmottaleblə üz-üzə gəlmiş və bu rəqibini 4:0 hesabıyla məğlub etmişdi. Georgi 1/4 final mərhələsində də Lxaqvaqerel Munxtura (Monqolustan) 12:2 hesabıyla qalib gələrək yarımfinala yüksəlmişdi. İdmançımız yarımfinalda Geno Petriaşvili (Gürcüstan) ilə qarşılaşmadan 0:7 hesablı məğlubiyyətlə ayrıldığı üçün finala çıxa bilməmiş və bürünc medal uğrunda güləşmək məcburiyyətində qalmışdı.

Qeyd edək ki, Azərbaycan Fransadakı Yay Olimpiya Oyunlarına bütövlükdə 48 idmançı ilə qatılıb. Daha öncə cüdoçularımız – Hidayət Heydərov və Zelim Kotsoyev Olimpiya çempionu olmuşdular. Taekvondoçumuz Qaşım Maqomedov yalnız finalda uduzaraq gümüş medalla kifayətlənib. Boksçu Alfonso Dominqes də Olimpiadanı gümüş medalla başa vurub. Güləşdə isə Georgi Meşvildişviliyə qədərki yeganə medalımızı Həsrət Cəfərov (67 kq) qazanmışdı. O, da Olimpiadanın bürünc medal əldə etmişdi.

Beləliklə, Georgi Meşvildişvilinin uğuru sayəsində Azərbaycan Paris-2024-də 6-cı medalı qazanıb. Bu, hesabında 2 qızıl və 2 gümüş olan millimizin ikinci bürüncü olub.

Onun medalı Olimpiadalar tarixinə Azərbaycan idmançılarının əldə etdiyi 55-ci mükafat kimi düşüb. Debütü Atlanta-1996-da gerçəkləşən yığmamız 8-ci Oyunlarında bu rəqəmə çatıb. 9 qızıl və 16 gümüşü olan millimiz yubiley – 30-cü bürüncü əldə edib.

Bu, sərbəst güləşçilərimizin Parisdə ilk uğuru olub. Ümumilikdə isə onlar 13-cü mükafatı qazanıblar: 3 qızıl, 4 gümüş və 6 bürünc.

Ümumilikdə isə güləşçilərimiz Parisdə 2-ci bürüncə sahib çıxıb. Bu, pəhləvanların 27-ci medalıdır: 4 qızıl, 8 gümüş, 15 bürünc.

Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.