Georgi Papunaşvili “Kəpəz”də – Rəsmi

Futbol üzrə Gürcüstan milli komandasının mərkəz yarımmüdafiəçisi Georgi Papunaşvili bundan sonra “Kəpəz”in uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 27 yaşlı yarımmüdafiəçi ilə cari mövsümün sonuna kimi müqavilə imzalanıb.

Tiflis “Dinamo”sunun yetirməsi olan Georgi Papunaşvili ölkəsi ilə yanaşı, Avropada da top qovub. O, İspaniyada “Saraqosa” və “Rasinq”də forma geyinib. Kiprin “Apollon” və Serbiyanın “Radniçki” klublarında da oynamış yarımmüdafiəçi Gürcüstan yığma komandasında 17 oyun keçirib, 3 qola imza atıb.

Mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edən Georginin son klubu ölkəsində “Telavi” olub. O, Gürcüstanda “Samtrediya”, “Torpedo” (Kutaisi) klublarının da formasını geyinib.

“Kəpəz” Papunaşvilidən öncə Vurğun Hüseynov, Rüfət Əhmədov, Əli Səmədov, Ehtiram Şahverdiyev, Elmir Tağıyev, Olavale Onanuqa, Vladislav Vasilyuçek, Vüsal Məsimov, Latir Fall və Şakir Seyidov kimi futbolçuları da heyətinə qatmışdı.

Yusif Nəbiyev, Fərid Nəbiyev, Salif Sisse, Mario Mustapiç, Orxan Sadıqlı, Georgi Kantariya, Ahmed Ayzaya, Nicat Süleymanov və Zamiq Əliyev isə komandanı tərk ediblər.

Elçin Əlicanov, Yeqor Xvalko, Tural Rzayev, Kamran İbrahimov, Mate Krivkviya və Elnur Cəfərov da klubla yeni müqaviləyə imza atıblar.