“Kəpəz”in gürcü futbolçusu, 28 yaşlı yarımmüdafiəçi Georgi Papunaşvili Gəncə klubunun mətbuat xidmətinə açıqlama verib.
Arena.az xəbər verir ki, təcrübəli oyunçu komandasının uğursuz çıxışı ilə bağlı fikirlərini bölüşüb, hədəflərindən söz açıb.
Komandasının Premyer Liqanın son pilləsində olduğunu xatırladan futbolçu bu durumdan çıxacaqlarına inanır:
“Azarkeşlərimiz möhtəşəmdirlər, bizi sevirlər. Bilirəm ki, nəticələrə görə narahatdırlar. Amma geridönüş edəcək və daha yaxşı nəticələr qazanacağıq. Azarkeşlərin hər dəfə adımı səsləmələri olduqca xoşdur. Görünür, mənə böyük inam bəsləyirlər. Ancaq komanda uduzubsa, xüsusi olaraq kimisə yaxşı oyunçu kimi fərqləndirməməliyik. Deməli, hamımız səhv etmişik. Məsuliyyəti dərk edərək nəticə çıxarmalıyıq. Səhvlərimiz üzərində işləməli, vəziyyəti düzəltməli və inkişaf etməliyik”.
Georgi Papunaşvili “Kəpəz”ə keçdiyi üçün xoşbəxt olduğunu söyləyib: “Bura mənim xoşuma gəlir. Hər yerdə isti münasibət bəsləyirlər. Əla bazamız var. Gənc oyunçulara örnək olmaq istəyirəm. Təbii ki, əsas məqsədim komandaya kömək etməkdir. Əlbəttə ki, xoş olmayan durum var. Çünki evdə keçirdiyimiz oyunlarda məğlub olmuşuq. Bu yaxşı hal deyil”.
Xatırladaq ki, hazırda hesabında 5 xal olan “Kəpəz” Premyer Liqanın 9-cu turunda oktyabrın 8-də “Sumqayıt”la səfərdə qarşılaşacaq.
“Kəpəz” hazırda cəmi 5 xalla 10 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.
Papunaşvili bu ilin sentyabrından formasını geyindiyi “Kəpəz”də cəmi 3 matça çıxıb. O, bu oyunlarda 1 qol da vurub. Gürcü futbolçunun Gəncə klubu ilə 2024-cü ilin 30 iyununa kimi müqaviləsi var.