Georgi Papunaşvili və daha 2 legioner “Kəpəz”i tərk etdi

Premyer Liqada yeni mövsümə hazırlaşan “Kəpəz” daha üç legioneri – Olavale Onanuqa, İqor Rodriqes və Georgi Papunaşvili ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, klubun bu futbolçularla müqaviləsinin müddəti başa çatıb. Bu səbəbdən legionerlər komandanı tərk ediblər.

Gəncə klubu xidmətlərinə görə bu futbolçulara təşəkkür edib, onlara gələcək karyerasında uğurlar arzulayıb.

Olavale Onanuqa 2023-cü ilin iyul ayından “Kəpəz”də çıxış edirdi. Nigeriyadan olan 26 yaşlı yarımmüdafiəçi Gəncə klubunun heyətində 29 oyuna çıxıb, 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

İqor Rodriqes “Kəpəz”ə 2023-cü ilin oktyabr ayında qoşulmuşdu. Portuqaliyadan olan 29 yaşlı qapıçı Gəncə təmsilçisində 25 oyuna çıxıb, 46 qol buraxıb. Onun hesabında 4 “quru” oyun da var.

Georgi Papunaşvili isə 2023-cü ilin sentyabrından “Kəpəz”də çıxış edirdi. Gürcüstandan olan 28 yaşlı hücumameyilli yarımmüdafiəçi Gəncə klubunun heyətində 21 oyuna çıxıb, 5 qol və 5 məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, Papunaşvili “Kəpəz”i tərk etsə də, karyerasını Azərbaycanda davam etdirəcək. O, Premyer Liqanın digər təmsilçisi “Sumqayıt”la anlaşıb. “Sumqayıt”ın bu transferi tezliklə rəsmən açıqlaması gözlənilir.

Xatırladaq ki, “Kəpəz” daha öncə Elçin Əlicanov, Vüsal Məsimov, Mate Kvirkviya, Adama Niane və Martins Juniorla da yollarını ayırmışdı. Gəncə klubunda yalnız Yeqor Xvalko ilə yeni müqavilə imzalanıb.