Georgi Papunaşvili “Zirə”də – Rəsmi

Bu yay “Kəpəz”dən ayrılan gürcü yarımmüdafiəçi Georgi Papunaşvili bundan sonrakı karyerasını “Zirə”də davam etdirəcək.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, gürcüstanlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Zirə” daha əvvəl “Kəpəz”dən ayrılan Elçin Əlicanov və Martis Junioru da heyətinə qatmışdı. Bir sözlə, Papunaşvili bu yay “Gəncə” klubunu qəsəbə təmsilçisinə dəyişən üçüncü oyunçudur.

Georgi Papunaşvili 2023-cü ilin sentyabrından “Kəpəz”də çıxış edirdi. 28 yaşlı hücumameyilli yarımmüdafiəçi Gəncə klubunun heyətində 21 oyuna çıxıb, 5 qol və 5 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, Papunaşvili “Kəpəz”i tərk edərkən onun karyerasını Premyer Liqanın digər təmsilçisi “Sumqayıt”da davam etdirməsi gözlənilirdi. Lakin görünür o, bu klubla bütün şərtlərdə razılığa gələ bilmədiyi üçün “Zirə”nin təklifini qəbul edib.

Tiflis “Dinamo”sunun yetirməsi olan Papunaşvili ölkəsi ilə yanaşı, Avropada da top qovub. O, İspaniyada “Saraqosa” və “Rasinq”də forma geyinib. Kiprin “Apollon” və Serbiyanın “Radniçki” klublarında da oynamış yarımmüdafiəçi Gürcüstan yığma komandasında 17 oyun keçirib, 3 qola imza atıb. Georginin Azərbaycana gəlməzdən əvvəlki son klubu ölkəsində “Telavi” olub. O, Gürcüstanda “Samtrediya”, “Torpedo” (Kutaisi) klublarının da formasını geyinib.

“Zirə” Papunaşvilidən öncə Fuad Bayramov (“Şamaxı”), Aydın Bayramov (“Turan Tovuz”), Elçin Əlicanov (“Kəpəz”), Martins Junior (“Kəpəz”), Davit Volkov (“Sabah”) və Ange Mutsinzini (“Jerv”, Norveç) də transfer etmişdi. Rüstəm Əhmədzadə və İsmayıl İbrahimli isə “Qarabağ”dan növbəti dəfə icarəyə götürülüb. Qismət Alıyev və Anar Nəzirovla da yeni müqavilə imzalanıb.

Vladislav Kulaç, İlkin Muradov, Sezar Meza Kolli, Dimitrios Çantakias, Rəhim Sadıxov, Luka Quqeşaşvili və Məmməd Hüseynov isə “Zirə”ni tərk ediblər.