Futbol üzrə Avstriya yığmasının müdafiəçisi Gernot Trauner AÇ-2024-ün seçmə mərhələsində Belçika və Azərbaycana qarşı oynamayacaq.
Arena.az xəbər verir ki, bu barədə Avstriya mətbuatı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Niderlandın “Feyenoord” klubunun formasını geyinən mərkəz müdafiəçi dizindəki zədə ucbatından yığmanın düşərgəsini tərk edib. Bununla baş məşqçi Ralf Ranqnikin xidmətindən məhrum olduğu oyunçuların sayı 6-ya yüksəlib. Traunerə qədər David Alaba, Stefan Poş, Marko Arnautoviç, Karim Onisivo və Filipp Mvenenin də qarşıdakı matçlarda iştirak etməyəcəkləri dəqiqləşmişdi.
Xatırladaq ki, oktyabrın 13-də Belçikanı qəbul edəcək Avstriya yığması bundan 3 gün sonra Bakıda Azərbaycan millisinin qonağı olacaq.
Gernot Trauner 2018-ci ilin oktyabr ayından formasını geyindiyi Avstriya yığmasında 10 oyun keçirib. O, bu görüşlərdə 1 qol da vurub.
2021-ci ilin yayından “Feyenoord”da çıxış edən Trauner bu komandada 85 oyun keçirib, 2 məhsuldar ötürmə verib. 31 yaşlı mərkəz müdafiəçisi LASK və “Rid” kimi klubların da formasını geyinib.


