Belçikanın “Gent” klubunun Nigeriyadan olan gənc hücumçusu Gift Emmanuel Orban avrokuboklarda tarixi ilkə imza atıb. Arena.az xəbər verir ki, o, ötən gecə Avropa Konfrans Liqasının 1/8 final mərhələsi çərçivəsində Türkiyənin “Başakşəhər” komandası ilə cavab oyununda het-trikə imza atıb.
Qarşılaşmanın 31-34-cü dəqiqələri aralığında 3 qol vuran nigeriyalı het-trikə cəmi 3 dəqiqə 24 saniyə sərf edib. Bu, UEFA-nın bayrağı altında keçirilən turnirlərdə indiyəqədərki ən sürətli het-trikdir.
Bu het-trik Orbanın komandasına da uğur gətirib. “Gent” 4:1 hesablı qələbə sayəsində 1/4 finala vəsiqəni təmin edib. Bu komandalar arasında Belçikada keçirilmiş ilk oyunda qalib müəyyənləşməmişdi.
Xatırladaq ki, 20 yaşlı nigeriyalı fevralın 24-də “Qarabağ”a da qol vurmuşdu. Belçikadaki oyunun 75-ci dəqiqəsində fərqlənən futbolçu, matçın penaltilər seriyasına kimi uzanmasına səbəb olmuşdu. Yekunda “Gent” Azərbaycan təmsilçisini yenərək “Başakşəhər”lə oyuna vəsiqə qazanmışdı.
Gift Emmanuel Orban “Gent”ə bu il Avropada qış transfer pəncərəsinin son günündə – yanvarın 31-də transfer olunmuşdu. Norveçin “Stabek” klubundan transfer edilən gənc hücumçu üçün “Gent” 3.3 milyon avrosundan keçmişdi. İndi isə Orban ona görə ödənilən pulun qarşılığını verməkdədir. Hər halda məhz onun sayəsində bu komanda həm “Qarabağ”ı, həm də “Başakşəhər”i mübarizədən kənarlaşdırmağı bacardı. Belçikalıların növbəti rəqibi isə sabah püşkatma nəticəsində müəyyənləşəcək.
Orban “Stabek”də oynadığı dönəmdə 24 oyuna 19 qol vurub, 7 məhsuldar ötürmə etmişdi. O, “Gent”in heyətində meydana çıxdığı 9 matçda isə 12 qol vurub.


