Gift Orban Lion “Olimpik”ini “Hoffenhaym”a dəyişdi

Nigeriyalı mərkəz hücumçusu Gift Orban tamhüquqlu transfer əsasında Lion “Olimpik”indən “Hoffenhaym”a keçib.

Arena.az bu barədə Almaniya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

Transfer Bundesliqa təmsilçisinə 9 milyon avro məbləğə başa gəlib. Amma Fransa klubu bonuslarla daha 3 milyon avro gəlir əldə edə bilər.

“Hoffenhaym” Giftlə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. 22 yaşlı hücumçu yeni klubunda 14 nömrəli formanı geyinəcək.

Gift Orban Nigeriyanın “Bizon” klubunun yetirməsidir. Avropaya yol tapmış nigeriyalı hücumçu Norveçin “Stabek” klubunda əvvəlcə icarə, sonra isə tamhüquqlu əsasda çıxış edib, buradan “Gent”ə keçib. Lion “Olimpik”i Orbanı 2024-cü ilin yanvarında 14 milyon avroya məhz “Gent”dən transfer etmişdi.

Cari mövsümün ilk yarısında Gift “Olimpik”in heyətində cəmi 5 oyuna çıxıb, 2 qol vurub. O, bu komandada bütövlükdə 21 oyun keçirib, 5 qol vurub.

Gift Orban Nigeriyanın U-23 yığmasına dəvət alsa da, meydana çıxmayıb.

“Transfermarkt” internet-portalı 22 yaşlı nigeriyalı mərkəz hücumçusunun transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

Yeri gəlmişkən, “Hoffenhaym” bu mövsümün əvvəlində “Şturm Qraz”a icarəyə verdiyi türkiyəli hücumçusu Erencan Yardımcını vaxtından öncə geri qaytarıb.

“Hoffenhaym” Erencan Yardımcını 2024-cü ilin avqustunda Türkiyənin “Eyüpspor” klubundan 4 milyon avroya satın almışdı. Amma Almaniya klubu yeni transferini cari mövsümün sonunadək Avstriyanın “Şturm Qraz” klubuna icarəyə vermişdi. Erencan Avstriya klubunun heyətində 14 oyuna çıxıb, 3 qol vurub, 2 məhsuldar ötürmə verib.

Erencan Yardımcı daha öncə “Eyüpspor”, “Qalatasaray”, “Alanyaspor” və “Pendikspor”da da çıxış edib. Türkiyənin U-17, U-18 və U-21 yığmalarında oynamış Erencana əsas millidə debüt qismət olmayıb.

“Transfermarkt” internet-portalı 22 yaşlı hücumçunun transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.