Azərbaycan Premeyer Liqasında mübarizə aparan “Neftçi” braziliyalı yarımmüdafiəçisi Gilyerme Pato ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
21 yaşlı vingerlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. Paytaxt təmsilçisi braziliyalı futbolçuya təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, Gilyerme Pato 2022-ci ilin yanvarında Braziliyanın “İnternasional” klubundan “Neftçi”yə transfer olunmuşdu. O, bu müddət ərzində Azərbaycan təmsilçisində 32 rəsmi oyunda meydana çıxıb, 2 qola imza atıb.
Braziliya mətbuatının yazdığına görə, “Neftçi”dən ayrılan hücumameyilli yarımmüdafiəçi karyerasını “Fiqeyrense” klubunda davam etdirəcək. İddiaya görə, Braziliyanın C seriyasının təmsilçisi Pato ilə danışıqları yekunlaşdırıb və bu keçidi rəsmiləşdirməyə hazırlaşır. Beləcə, Pato birillik fasilədən sonra yenidən ölkəsinə qayıdıb. O, “İnternasional”da olarkən icarə əsasında “Ponte Preta” və “Kuyaba” klublarında icarədə də oynayıb.