Gilyermo Oçoa A Seriyasını MLS-ə dəyişir

A Seriyasında mübarizə aparan “Salernitana”nın meksikalı qapıçısı Gilyermo Oçoa bu mövsümün sonunda İtaliya klubdan ayrılmağa hazırlaşır.

Arena.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

2022/2023 mövsümünün dövrələrarası fasiləsində “Salernitana” ilə müqavilə imzalamış 38 yaşlı qapıçı İtaliya komandasını vaxtından əvvəl tərk etmək qərarına gəlib. Bu klubla daha bir il müqaviləsi olan Oçoa cari mövsümün sonunda Salerno təmsilçisi ilə vidalaşacaq. İddiaya görə, təcrübəli qolkiper “Salernitana”dan ayrılmasına icazə verən sənədləri imzalayıb.

Meksikadan gələn xəbərlərdə Oçoanın yeni ünvanı ilə də bağlı iddialar irəli sürülüb. 38 yaşlı qolkiperin prioriteti Avropa olsa da, Oçoanın 2025-ci ildə MLS-də mübarizə aparan “San Dieqo” ilə müqavilə imzalayacağı bildirilir. Xəbərdə 5 mundialda çıxış etmiş Oçoanın 2026-cı ildə baş tutacaq dünya çempionatında da iştirak etmək istədiyi vurğulanır.

Xatırladaq ki, Gilyermo Oçoa 2023-cü ilin yanvar ayından “Salernitana”da çıxış edir. O, bu mövsüm 20 oyunda forma geyinib, 42 qol buraxıb. Meksikalı qolkiperin “Salernitana” karyerası bütövlükdə 40 oyun, 75 buraxılmış qol və 22 “quru” matçdan ibarətdir.

Oçoa karyerası ərzində “Amerika”, “San Luis”, “Ayaçço”, “Malaqa”, “Qranada”, “Standard” (Lyej), “Tirqilyos” kimi klublarda da oynayıb.

Oçoa 2005-ci ildən dəvət aldığı Meksika millisinin heyətində 151 oyun keçirib, 152 qol buraxıb, 65 oyunda isə qapısının toxunulmazlığını təmin edib.

“Transfermarkt” internet-portalı 38 yaşlı qolkiperin transfer dəyərini 1,5 milyon avro məbləğində qiymətləndirir.

Bahar Rüstəmzadə