Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Girəsunspor” komandasının yeni baş məşqçisi İrfan Buz təyin olunub. Arena.az xəbər verir ki, bu barədə elita klubunun rəsmi saytı məlumat yayıb.
Super Liqanın 32-ci turu çərçivəsində baş tutan “İstanbulspor”la səfər oyununda 0:1 hesablı məğlubiyyətdən sonra Hakan Keleş baş məşqçi postundan istefa vermişdi. Bu üzdən klub rəhbərliyi qısa zamanda yeni baş məşqçi tapmaq məcburiyyətində qalıb. İrfan Buzla razılıq əldə edən Girəsun təmsilçisi onunla hansı müddətə anlaşdığını açıqlamayıb. Böyük ehtimalla anlaşma ən azı mövsümün sonuna qədər nəzərdə tutulub. Yeni baş məşqçi uğurlu olacağı halda, mövsümün sonunda onunla müqavilənin müddəti artırılacaq.
“Girəsunspor” cari mövsümdə Super Liqada zəif çıxışı ilə diqqət mərkəzindədir. Komanda keçirdiyi 30 oyunda cəmi 6 qələbə qazanıb, 9 heç-heçə edib və 15 məğlubiyyətə üzülüb. Girəsun təmsilçisi 27 xalla 19 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb və elitanı tərk etməyə əsas namizədlərdən biri hesab olunur.
Xatırladaq ki, Hakan Keleş 2020-ci ilin avqust ayından “Girəsunspor”a rəhbərlik edirdi. O, bu komandanı bütövlükdə 110 rəsmi matça çıxarıb. Girəsunlular bu görüşlərdə 44 qələbə qazanıblar, 25 heç-heçə ediblər və 41 məğlubiyyətə üzülüblər.
“Girəsunspor” 44 ildən sonra məhz Hakan Keleşin rəhbərliyi altında Super Liqaya vəsiqə qazanmışdı. Komanda 2021/2022 mövsümündən elitada mübarizə aparır. H.Keleş daha öncə “Sivasspor”u da çalışdırıb. 51 yaşlı mütəxəssis bu klubda köməkçi məşqçi kimi də fəaliyyət göstərib.
İrfan Buz isə son olaraq “Yeni Malatyaspor”a rəhbərlik edib. 56 yaşlı mütəxəssis 2021-ci ilin oktyabr ayında bu klubdan ayrılandan bəri işsiz idi. O, daha öncə “Kasımpaşa”, “Bursaspor”, “Samsunspor”, “Osmanlıspor”, “Gənclərbirliyi” kimi komandalarda da baş məşqçi olub.