Gökhan Gönül “Rizəspor”da!

“Fənərbaxça” ilə yollarını ayıran Gökhan Gönül bundan sonrakı karyerasını “Rizəspor”da davam etdirəcək. Arena.az xəbər verir ki, bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb.

36 yaşlı müdafiəçi yeni klubu ilə 2 illik müqaviləyə imza atıb. O, yeni komandasında “77” nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Gökhan Gönül ötən mövsümün əvvəlində “Beşiktaş”dan “Fənərbaxça”ya transfer edilmişdi. O, daha əvvəl 2007-2016-cı illər aralığında da bu komandanın formasını geyinmişdi. Geridə qalan mövsümdə 22 oyuna çıxıb, 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalan futbolçu, bu komandanın heyətində bütövlükdə 360-dan çox matça çıxıb. O, peşəkar karyerasına 2003-cü ildə “Hacettepe” klubunda başlayıb. 2016-2020-ci illər aralığında “Beşiktaş”da çıxış edən futbolçu, Türkiyə millisində də 66 oyun keçirib, 1 qol vurub.

“Rizəspor” Seyfettin Anıl Yaşarı da heyətinə qatıb. “Afyonspor”dan transfer olunan 19 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: