Görün “Real”ın ən az əməkhaqqı alan futbolçusu kim imiş…

İspaniya nəhəngi Madrid “Real”ının düşərgəsində komandanın ən az əməkhaqqı alan futbolçusunun kimliyi məlum olub.

Arena.az xəbər verir ki, bu barədə məlumatı “Sport.es” dərgisinin insayderləri əldə ediblər.

“Real”ın ən az maaş alan futbolçusu hazırda “komandanın yarısı”, əsas qapıçı ukraynalı Andrey Lunindir. Lunin əməkhaqqı vergilərdən öncə 2 milyon avro məbləğində müəyyən edilib, qapıçının əlinə isə bundan 1 milyon avro pul çatır.

Hazırda Lunin “Real”ın əsas qapıçısıdır. Belə ki, “Real”ın əsas qapıçısı belçikalı Tibo Kurtua ötən mövsümün əvvəlində ağır zədələndiyindən, “Real” qapıçı mövqeyində çətinliklərlə üzləşmişdi. “Kral klubu” “Çelsi”dən ispan qapıçı Kepa Arrisabalaqanı cari mövsümün sonuna qədər əsas qapıçı kimi icarəyə götürsə də, ukraynalı qapıçı Andre Lunin bu rəqabəti qazanaraq, “Real”ın qapısında yerini möhkəmlədə bilib.

Amma Lunin gələcəkdə əvəzləyici olmaqdan sığortalanmaq üçün öz gələcəyi barədə ciddi düşünür. Lunin mütəmadi əsasda oynamaq fikrindədir. Bu arada “Mançester Yunayted”in Andrey Luninin xidmətlərində maraqlı olması haqda xəbərlər yayılmaqdadır.

Andrey Lunin “Metallist”in (Xarkov) yetirməsidir. Lunin karyerası ərzində “Dnepr”, “Zorya” (Luqansk), “Real”, Leqanes”, “Valyadolid” və “Ovyedo”da çıxış edib. “Real” ukraynalı qapıçını 2018-ci ilin iyulunda “Zorya”dan 8,50 milyon avro müqabilində heyətinə qatıb və bir müddət ispan klublarında icarələrdə oynadıb. Luninin “Real”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Lunin “Real”ın heyətində bütün yarışlarda 23 oyun keçirib, 19 qol buraxıb, 10 oyundan “quru” çıxıb.

Andrey Luninin qənimətlər muzeyində olan bütün kuboklar ukraynalı qapıçının məhz “Real”la qazandıqlarıdır. Bunlara İspaniya La Liqası, İspaniya Kral Kuboku, İspaniya Super Kuboku (2 dəfə), Çempionlar Liqası, UEFA Super Kuboku, FIFA Klub Dünya Kuboku daxildir.

Lunin 2018-ci ilin mart ayında debüt etdiyi Ukrayna yığmasının heyətində 10 oyun keçirib, 7 qol buraxıb, 5 oyunda qapısının toxunulmazlığını təmin edə bilib. Andrey Ukraynanın U-20 yığması ilə 2019-cu il dünya çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı ukraynalı qapıçı Andrey Luninin transfer dəyərini 16 milyon avro məbləğində qiymətləndirir.