Türkiyənin “Göztəpə” klubu beş futbolçusu ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
İzmir klubu Lamine Qassama, Stefano Napoleoni, Peter Jul, Anderson Esiti və Fusseni Diabate ilə vidalaşıb. Futbolçuların hər birinə xidmətlərinə görə təşəkkür edilib, onlara gələcək karyeralarında uğurlar arzulanıb.
Qeyd edək ki, bu futbolçulardan yalnız birinin – Peter Julun karyerasını “Başakşəhər”də davam etdirəcəyi bəllidir. Digərlərinin taleyinə daha sonra aydınlıq gələcək. Bu gedənlərin əvəzində “Göztəpə” sadəcə, “Altınordu”nun mərkəz müdafiəçisi Kahraman Demirtaşı transfer edib.
Qassama 2018/19 mövsümündən “Göztəpə”də çıxış edirdi. Seneqallı sağ cinah müdafiəçisi bu komandada cəmi 18 matça çıxıb.
Napoleoni 2019/20 mövsümündən İzmir klubunda idi. İtaliyalı hücumçu geridə qalan mövsümdə meydana çıxdığı 15 matçda cəmi 1 qolla yadda qalıb.
Digər üç futbolçu isə 2020/21 mövsümünün dövrələrarası fasiləsi zamanı heyətə cəlb olunmuşdu. Belçikanın “Anderlext” klubundan gələn avstriyalı yarımmüdafiəçi Jul, “Göztəpə”dəki ilk iki oyunundaca 3 qol vurmuşdu. O, bu komandada bütövlükdə 16 matça çıxıb. “Trabzonspor”dan icarəyə götürülən malili cinah oyunçusu Diabate, 18 qarşılaşmada 3 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb. Yunanıstanın PAOK klubundan icarəyə götürülmüş nigeriyalı yarımmüdafiəçi Esiti də 20 matça çıxıb, 1 qolla yadda qalıb.


