Güləş: Bakıda 33 ölkədən 297 pəhləvan mübarizə aparacaq

Aprelin 5-dən 7-dək Milli Gimnastika Arenasında keçiriləcək güləş üzrə Olimpiya Təsnifat turnirində 33 ölkənin idmançıları iştirak edəcək.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, ən çox iştirakçı yunan-Roma güləşində olacaq. 117 idmançı yarışın ilk günündə güləşin klassik növündə mübarizə aparacaq. Aprelin 6-da qadın güləşi üzrə 83 idmançı lisenziya sahiblərini müəyyənləşdirəcək. Son yarış günündə isə 97 sərbəst güləşçi xalça üzərinə çıxacaq. Ümumilikdə, Bakıda 297 güləşçi Olimpiadaya vəsiqə uğrunda mübarizə aparacaq.

“İticket” vasitəsi ilə bilet satışı sürətlə davam edir. Artıq satışa çıxarılan biletlərin 1/3-i satılıb. Biletləri bu şirkətin satış məntəqələrindən və ya iticket.az saytından onlayn qaydada əldə etmək mümkündür.

Xatırladaq ki, Avropa Olimpiya Təsnifat turnirində hər çəkidə 2 güləşçi Paris-2024-ə vəsiqə qazanacaq.