Güləş: Heybətovla Tsokayev finalda uduzdular

İlk dəfə Azərbaycanda keçirilən və Bakı İdman Sarayında təşkil olunmuş güləş üzrə U-23 Avropa çempionatı davam edir.

Arena.az xəbər verir ki, yarışın 6-cı günündə sərbəst güləş üzrə 57, 65, 70, 79 və 97 kq-da medalçılar müəyyənləşib.

Kənan Heybətov (70 kq) finalda ötən il bu yaş qrupunda dünya çempionu olmuş rusiyalı İnalbek Şeriyevlə qarşılaşıb. Əsas hadisələr ikinci hissədə cərəyan edib. Gənclər arasında dünya çempionumuz çox çalışsa da, Şeriyevin öhdəsindən gələ bilməyib. Rəqibinə 2:6 hesabıyla məğlub olan Heybətov gümüş medalı boynundan asıb.

Ali Tsokayev (79 kq) finalda böyüklər arasında Avropa çempionu olmuş yunanıstanlı Georgios Kuqiumtsidis üz-üzə gəlib. Rəqibin təcrübəsi sözünü deyib. Yunanıstan güləşçisinin ilk hissədəki 4 xallıq fəndi görüşün taleyini həll edib. 1:4 hesabıyla uduzan Ali gümüş medalla kifayətlənib.

Rəvan Musayev (97 kq) təsəlliverici görüşdə rumıniyalı Georgian Triponu mübarizədən kənarlaşdırıb – 4:3. Həmyerlimiz bürünc medal uğrunda qarşılaşmada türkiyəli Rıfat Qıdakla güləşib. Gərgin mübarizə şəraitində keçən görüş rəqibin 3:2 hesablı qələbəsiylə yekunlaşıb.

Beləliklə, sərbəst güləş millimiz günü 2 gümüş medalla başa vurub.

Xatırladaq ki, daha əvvəl 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan yunan-Roma güləşi üzrə Azərbaycan millisi U-23 Avropa çempionatının qalibi olub. Bir dəst (1 qızıl, 1 gümüş, 1 bürünc) medal əldə edən qadınlardan ibarət yığmamız isə 76 xal toplayaraq ilk dəfə komanda hesabında üçüncü yeri tutub.