Güləş: Millimizdən Türküstanda daha 6 medal

Azərbaycanın güləş üzrə gənclərdən ibarət yığmaları Qazaxıstanın Türküstan vilayətində Türk Dövlətlərinin Universiadasına qatılıb.

Arena.az xəbər verir ki, bu gün Universiadada yunan-Roma güləşi üzrə yarış keçirilib.

Gənclərdən ibarət millinin məşqçiləri Emin Əhmədov və Zöhrab Abbasovun rəhbərliyi altında Universiadaya qatılan komandanın 6 üzvü fəxri kürsüyə qalxıb. Murad Əhmədiyevlə (97 kq) Sərxan Məmmədov (130 kq) çempion olublar. Fərid Xəlilov (67 kq) gümüş medal qazanbıb. Pərviz Dadaşov (60 kq), Fərid Baxışlı (63 kq) və Davud Məmmədov (77 kq) isə bürünc medal əldə ediblər.

Beləliklə, yunan-Roma güləşi üzrə yığmamız yarışda 2 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb.

Xatırladaq ki, bir gün öncə baş tutan sərbəst güləş üzrə yarışda da Azərbaycan güləşçiləri 8 medal qazanmışdılar. Camal Abbasovla (61 kq) Sabir Cəfərov (70 kq) çempion olmuşdular. Abdulrəhman İbrahimov (65 kq), Fərid Cabbarov (86 kq), Rəvan Musayev (97 kq) və Aydın Əhmədov gümüş medal qazanmışdılar. Vasif Bağırovla (57 kq) Sahib Dadaşov (79 kq) isə bürünc medal əldə etmişdilər.