Güləş üzrə Azərbaycan yığması üçün Bişkek sınağı

İyunun 1-dən 4-nə qədər Qırğızıstanın paytaxtı Bişkek şəhərində güləş üzrə beynəlxalq reytinq turniri keçiriləcək. Arena.az xəbər verir ki, “Bişkek Arena”da təşkil olunacaq yarışda Azərbaycanı 11 güləşçi təmsil edəcək.

İyunun 2-də Jalə Əliyeva (57 kq) və Elis Manolova (62 kq) baş məşqçi Semyon Çterevin rəhbərliyi altında mübarizə aparacaq.

Növbəti 2 gündə baş məşqçi Xetaq Qazyumovun rəhbərliyi altında sərbəst güləşçilər xalçaya çıxacaq. İyunun 3-də Maqomedxan Maqomedov (97 kq) çıxış edəcək. Turnirin son günündə isə Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev, Əli Rəhimzadə (hər ikisi 65 kq), Turan Bayramov, Xadjimurad Qadjiyev, Cəbrayıl Qadjiyev (hamısı 74 kq), Abubakr Abakarov (86 kq) və Osman Nurmagomedov (92 kq) güləşəcək.

Görüşlər hər gün Bakı vaxtı ilə saat 08:30-da başlayacaq. Medallar uğrunda görüşlərə isə saat 16:00-da start veriləcək.

Qeyd edək ki, Bişkekdə güləş üzrə 1-ci kateqoriyalı hakim Elman İsmayılov da ədaləti qoruyacaq.