Güləş: Yığmalarımız Quba və Vladiqafqazda toplanışdadırlar

Sərbəst güləş üzrə Azərbaycan millisi bu gündən etibarən Qubada növbəti təlim-məşq toplanışına start verib.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, komanda geniş tərkibdə Qubaya yollanıb. Quba Olimpiya İdman Kompleksində təşkil edilən hazırlıq prosesi martın 10-na qədər davam edəcək. Təlim-məşq toplanışında böyüklərlə yanaşı, gənclərdən ibarət yığmamızın üzvləri də yer elıb. Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyevlə Şərif Şərifov, Oyan Nəzəriani, eləcə də U-20 milli komandanın böyük məşqçisi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyev, Nazim Əlicanov və Əşrəf Əliyevin rəhbərliyi altında 70-dən çox güləşçi həm fiziki, həm də taktiki-texniki çalışmalar üzərində məşq edəcək. ABŞ-dan dəvət edilmiş fiziki hazırlıq üzrə mütəxəssis Mark Alan Filippi də xüsusi fiziki hazırlıq üzrə təmrinlərin həyata keçirilməsində yaxından iştirak edəcək.

Hazırlıq prosesində Qazaxıstan, Rusiya və Belçikadan sınaqçı-rəqiblər (sparrinq) də yer alıblar.

Quba toplanışı Bakıda keçiriləcək məsul yarışlara – Avropa Olimpiya Təsnifat turnirinə (5-7 aprel) və U-23 Avropa çempionatına (20-26 may) hazırlıq xarakteri daşıyır.

Xatırladaq ki, Yunan-Roma güləşi üzrə millimiz də fevralın 23-dən etibarən növbəti təlim-məşq toplanışına başlayıb. Yığmamız Rusiyanın Vladiqafqaz şəhərində hazırlıq prosesinə start verib. Toplanışda baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçilər Həsən Əliyevlə Elvin Mürsəliyevin rəhbərliyi altında Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq), Sənan Süleymanov, Xasay Həsənli (hər ikisi 77 kq), Rafiq Hüseynov (87 kq), Murad Əhmədiyev, Murat Lokyayev, Arif Niftullayev (hamısı 97 kq), Beka Kandelaki, Sabah Şəriəti və Sərxan Məmmədov (hamısı 130 kq) iştirak edir.

Hazırlıq prosesi martın 6-na qədər davam edəcək.

Zədəsini bərpa etdirən digər yığma üzvləri məşqçi Kamran Məmmədovun nəzarəti altında Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında hazırlıq keçir.