Güləş yığmamız Astanadan 11 medalla qayıdır

Qazaxıstanın olimpiya və dünya çempionu Jaksılık Uşkempirovun xatirəsinə güləş üzrə gənclər arasında (U-20) beynəlxalq turnir keçirilib. Arena.az xəbər verir ki, turnirdə Azərbaycanın müvafiq yaş qrupundan ibarət yığmasının üzvləri də mübarizə aparıblar.

Güləş yığmamız Astanaya böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında yollanıblar.

İlk yarış günündə 55, 63, 72, 82 və 97 kq-da finalçılar müəyyənləşib. Millimizin üzvlərindən Ruslan Nurullayev (72 kq) və İsmayıl Rzayev (82 kq) finala yüksəlib. Fərid Sadıxlı (55 kq) və Məhəmməd Qasımzadə (63 kq) isə bürünc medal uğrunda güləşmək şansı qazanıb.

Bu çəkilərdə həlledici görüşlər ikinci yarış gününə təsadüf edib. Belə ki, mayın 17-də ilk medalçılar müəyyənləşib. Azərbaycan güləşçilərindən Ruslan Nurullayev (72 kq) qızıl, İsmayıl Rzayev (82 kq) gümüş, Fərid Sadıxlı (55 kq) isə bürünc medal qazanıblar.

İkinci yarış günündə həm də 60, 67, 77, 87 və 130 kq-da mübarizəyə start verilib. Yekunda İlkin Qurbanov (60 kq), Kənan Abdullazadə (67 kq), Əli Quliyev (87 kq) və Məzaim Mərdanov (130 kq) finalda güləşməyə haqq qazanıb. Rəvan Nuriyevlə (77 kq) Aqil Musayev (77 kq) isə 3-cü yer uğrunda güləşmək məcburiyyətində qalıb. Təvəkgül Həziyev (67 kq) və Etibar Rzayev (87 kq) isə təsəlliverici görüşdə iştirak şansı əldə edib.

Memorialın son günündə güləşçilərimiz daha 8 medal qazanıblar. İlkin Qurbanov (60 kq) və Kənan Abdullazadə (67 kq) çempion olub. Əli Quliyevlə (87 kq) Məzaim Mərdanov (130 kq) gümüş, Təvəkgül Həziyev (67 kq), Rəvan Nuriyev, Aqil Musayev (hər ikisi 77 kq) və Etibar Rzayev (87 kq) isə bürünc medal əldə edib.

Qeyd edək ki, ənənəvi yarışda beynəlxalq dərəcəli hakim Əli Babayev də ədaləti qoruyanlar arasında yer alıb.