Güləşçilərimiz “Çempionlar” turnirindən 10 medalla qayıdırlar

Azərbaycan güləşçiləri Türkiyənin Antalya şəhərində təşkil olunmuş ənənəvi “Çempionlar” turnirində 10 medal qazanıblar.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının rəsmi saytı məlumat yayıb.

Martın 16-dan 18-nə qədər davam edən və U-20 yaş qrupu üzrə təşkil edilən yarışda ölkəmizi sərbəst və qadın güləşçilər təmsil ediblər. Ənənəvi turnirdə idmançılarımız 2 qızıl, 2 gümüş və 6 bürünc medal qazanıblar.

Böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyevlə Nazim Əlicanovun rəhbərliyi altında Antalyada iştirak edən sərbəst güləş üzrə millinin 6 üzvü fəxri kürsüyə qalxıb. Musa Verdiyevlə (65 kq) Sadiq Mustafazadə (86 kq) gümüş medal qazanıblar. Ruslan Abdullayev (61 kq), Ramik Heybətov (70 kq), Anar Cəfərli (92 kq) və Yusif Dursunov (125 kq) isə bürünc medalla kifayətləniblər. Sərbəst güləş yığmamız komanda hesabında 3-cü yeri tutub.

Böyük məşqçi Rövşən Umudov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında qadınlardan ibarət millinin 4 üzvü medal əldə edib. Əsmər Cankurtaranla (53 kq) Ruzanna Məmmədova (62 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Elvina Kərimzadə (55 kq) və Nərgiz Səmədova (55 kq) isə bürünc medal əldə ediblər. Bu komandamız da yekunda 3-cü yeri tutub.

Xatırladaq ki, Azərbaycan yığması ənənəvi yarışa bütövlükdə 16 (10 sərbəst, 6 qadın güləşçi) idmançı ilə qatılmışdı. “Çempionlar” turnirində beynəlxalq dərəcəli hakim Sevinc Yusibova da ədaləti qoruyanlar sırasında yer alıb.