“Mançester Siti”nin yarımmüdafiəçisi İlkay Gündoğan “şəhərlilər”in hazırda yaşadığı böhran mənzərəsində azarkeşlərə müraciət ünvanlayıb.
Arena.az türkəsilli almaniyalı futbolçunun müvafiq müraciətini təqdim edir:
“2024-cü ildə bizə göstərdiyiniz dəstəyə görə sizə təşəkkür etmək istərdim. Bilirəm ki, bu yaxınlarda çox çətin dövrlərimiz oldu. Bunu əvvəllər “Mançester Siti”də heç vaxt yaşamamışıq.
Tezliklə görüşərik, salamat qalın, sağlam olun! 2025-ci ildə sizə və yaxınlarınıza ən yaxşısını diləyirəm!”, deyə Gündoğan özünün “X” sosial şəbəkə hesabı üzərindən paylaşıb.
“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bröyne isə İngiltərə Premyer Liqasının 19-cu turu çərçivəsində qarşılaşdıqları “Lester Siti” üzərində 2:0 hesablı qələbədən sonra, “şəhərlilər”in uğursuz çıxışlarını şərh edib. Belçikalı futbolçunun bu barədə qənaətini təqdim edirik:
“Bəzi oyunçular üçün həqiqətən çətindir. Mövsümün əvvəli belə keçdi. Əslində, ilk dörd həftədə hər şey bizim üçün yaxşı alınırdı. Sonra isə biz mübarizə apardığımız və çoxlu oyunlar oynanıldığı bir tərzə düşdük. “Lester Siti” ilə oyunda çox yaxşı fürsətlərimiz oldu. Biz oyunlarda necə qalib gəlməyi bilirik”, deyə Kevin De Bröyne vurğulayıb.
Xatırladaq ki, 19 turdan sonra 31 xal toplamış “Mançester Siti” İngiltərə Premyer Liqasının 2024/2025-ci illər mövsümünün yarış cədəvlində 5-ci sırada qərarlaşıb. Bu komandanın UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki durumu daha pisdir. “Şəhərlilər” 6 oyuna 2 qələbə, 2 heç-heçə və 2 məğlubiyyət görüblər. İngiltərə çempionu 8 xalla 22-ci pillədə qərarlaşıb.