Gürcüstan millisində fransız baş məşqçi – RƏSMİ

Futbol üzrə Gürcüstan milli komandasına yeni baş məşqçi təyin olunub.

Arena.az xəbər verir ki, qonşu ölkə yığmasını bundan sonra Fransa millisinin sabiq müdafiəçisi Villi Sanyol çalışdıracaq.

Bu barədə Gürcüstan Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. 43 yaşlı mütəxəssislə müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Onun yeni komandasında bu il martın 25-də debüt edəcəyi bildirilib. Həmin gün Gürcüstan millisi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində İsveçlə qarşılaşacaq.

Qeyd edək ki, Gürcüstan yığmasının keçmiş baş məşqçisi Vladimir Vayss ötən ilin noyabrında istefa verib.

Villi Sanyol isə daha öncə Fransanın əsas və gənclərdən ibarət yığmalarında köməkçi kimi çalışıb. Bir müddət Fransanın U-21 yığmasında baş məşqçi də olan mütəxəssis 2014-2016-cı illər aralığında “Bordo”ya rəhbərlik edib. 2017-ci ildə isə o, uzun illər formasını geyindiyi “Bavariya”da köməkçi-məşqçi kimi çalışıb.