Həbib Keyta Lion “Olimpik”ini “Klermon”a dəyişdi

Lion “Olimpik”inin 21 yaşlı mərkəz yarımmüdafiəçisi Həbib Keyta Liqa 1-in digər iştirakçısı “Klermon”a transfer olunub.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Malidən olan 21 yaşlı futbolçu ilə dörd illik müqavilə imzalanıb. “Klermon” bu transfer üçün “Olimpik”ə 1,2 milyon avro ödəyib.

Həbib Keyta Lion “Olimpik”inin öz yetirməsidir. O, 2022/23 mövsümünü icarə əsasında “Kortreyk”də keçirib. Yarımmüdafiəçi Belçika klubunun heyətində 21 oyuna çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə edib. O, “Olimpik”in əsas komandasında cəmi 7 oyun keçirib.

“Klermon” “Nyor”dan Bilal Butobbanı da transfer edib. 24 yaşlı sağ cinah vingeri ilə 3 illik müqavilə imzalanıb. Azad agent statusuna malik futbolçunun keçidinə görə əlavə ödəniş edilməyib.

Bilal Butobba Marsel “Olimpik”inin yetirməsidir. O, “Sevilya”nın gənclərdən ibarət komandasında, “Monpelye”də də oynayıb. Əlcəzair əsilli fransalı futbolçu 2020-ci ilin avqust ayından formasını geyindiyi “Nyor”da 113 oyuna 21 qol vurub, 19 assist edib.

“Klermon” “Anje”nin gənc qapıçısı Teo Bornu da transfer edib. 20 yaşlı fransız qolkiper də azad agent kimi bu kluba keçib və 1 illik müqaviləyə imza atıb.