Həbib Nurməhəmmədov PSJ-nin MMA layihəsinə rəhbərlik edəcək

Keçmiş UFC çempionu, məşhur döyüşçü Həbib Nurməhəmmədov Fransa nəhəngi PSJ-nin MMA layihəsinin rəhbəri ola bilər.

Arena.az bu barədə “Le Parisien” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, artıq futbol və həndbol komandalarını da idarə edən PSJ, idman aləmində fəaliyyətini genişləndirməkdə davam etmək istəyir. MMA-da (qarışıq əlbəyaxa döyüş sənəti) yeni strukturun yaradılması məsələsinə PSJ-də cüdo departamentinə cavabdeh olan Camel Buras nəzarət edir.

Nurməhəmmədovun layihədə mümkün iştirakını rusiyalı döyüşçünün birbaşa klubun prezidenti Nasser Əl-Xelaifi ilə əlaqə saxlaması təsdiqləyir.

Xatırladaq ki, Həbib Nurməhəmmədov 2020-ci ilin oktyabrında peşəkar döyüşçü karyerasını bitirdiyini açıqlayıb. Həbib qarışıq döyüş sənəti üzrə 29 döyüş keçirib və bütün döyüşlərdən qalib ayrılıb.

Vurğulayaq ki, peşəkar idman uğurları ilə yanaşı, Həbib nümunəvi davranış və ünsiyyəti ilə səciyyəvidir.