Bu gün keçirilmiş final oyunları ilə həndbol üzrə Azərbaycan Kubokunun 2023/2024-cü illər mövsümünə yekun vurulub.
Arena.az xəbər verir ki, kişilərin final görüşündə “Azəryol” və “Bakı” komandaları üz-üzə gəliblər.
“AHF Arena”da keçirilən oyun gözlənildiyi kimi gərgin və maraqlı mübarizə ilə yadda qalıb. Finaladək inamla irəliləyən rəqiblərin duelində “Azəryol”un imkanlarını yüksək qiymətləndirənlər yanılmayıblar. İlk hissədə 3 xallıq üstünlük əldə edən nominal ev sahibi fasiləyə 17:14 hesablı qələbə ilə yollanıb. İkinci hissədə vəziyyəti dəyişməyə çalışan “Bakı”nın istəyi alınmayıb. Təşəbbüsü əldən verməyən “Azəryol” 35:31 hesabı ilə qalib gələrək ölkə kubokuna sahib çıxıb.
Qadın həndbolçuların final matçı da böyük maraq doğururdu. “Kür”lə “Azəryol”un qarşılaşması ilk dəqiqələrdən gərgin mübarizə şəraitində keçib. Hücumları daha effektli alınan Mingəçevir həndbolçuları bu üstünlüyü ilk hissənin hesabında əks etdiriblər – 13:10. İkinci hissəyə daha istəkli çıxan “Azəryol” yüksək əzmkarlıq sayəsində fərqi minimuma endirməyi bacarsa da, artığına gücü çatmayıb. Maraqlı mübarizə “Kür”ün qələbəsi ilə başa çatıb (28:27) və Mingəçevir təmsilçisi Azərbaycan kubokunun qalibi olub.
Ardınca həndbol üzrə Azərbaycan çempionatının və ölkə kubokunun 2023/2024 mövsümündə fərqlənən komandalar mükafatlandırılıblar. Kişilərin yarışında qələbə qazanmış “Kür” həndbolçularına qızıl medallar təqdim olunub. “Bakı” kollektivi gümüş medallarına qovuşub. “Azəryol” komandası isə bürünc medallarla mükafatlandırılıb.
Çempionluğu vaxtından əvvəl təmin edən qadınlardan ibarət “Qarabağ” qızıl medallara sahib çıxıb. Yarışı ikinci yerdə bitirən “Kür” gümüş medallarla təltif olunub. Çempionatı üçüncü pillədə başa vuran “Azəryol” isə bürünc mükafatlarına qovuşub. Həmçinin “Kür” və “Azəryol” kollektivlərinə ölkə kuboku təqdim olunub.


