Həndbol: Azərbaycan çempionatının ən yaxşıları bəlli oldu

Kişilər arasında həndbol üzrə 29-cu Azərbaycan çempionatında başa çatan 2022/2023 mövsümünün ən yaxşıları müəyyənləşib.

Arena.az xəbər verir ki, bu siyahıda Azərbaycan çempionu adına layiq görülən “İdman Akademiyası”nın 3 üzvü yer alıb.

Rəqib qapılarından daha çox top keçirən Fəda Yusifov ən yaxşı bombardir olub. Komandanın digər üzvləri – Hüseyn Qafarov ən yaxşı qapıçı, Sabir Nəzərəliyev ən yaxşı oyunçu statusunu qazanıb.

“İdman Akademiyası”nın çalışdırıcısı, əməkdar bədən tərbiyəsi və idman xadimi Vidadi Əliyev isə mövsümün ən yaxşı baş məşqçisi adına layiq görülüb.

Avropa Həndbol Federasiyasının deleqatı İsgəndər Əsgərov çempionatın ən yaxşı nümayəndəsi seçilib. Ələkbər Ağakişiyev – Ernest Ağakişi tandemi isə mövsümün ən yaxşı hakimi olub.

Xatırladaq ki, həndbol üzrə kişilər arasında keçirilmiş Azərbaycan çempionatında “İdman Akademiyası” mövsümün qalibi olub. “Dinamo” gümüş, “Məhsul” isə bürünc medallarına sahib çıxıb.