Həndbol: Azərbaycan çempionatının qalibləri müəyyənləşdi

Kişilər arasında təşkil olunmuş həndbol üzrə Azərbaycan çempionatında 2023/2024 mövsümünün qalibləri müəyyənləşib.

Arena.az xəbər verir ki, bütün medalçıların kimliyinə son turda aydınlıq gəlib.

Mingəçevirin “Kür” Olimpiya İdman Tədris Mərkəzində keçirilən oyunda yerli “Kür”lə paytaxtın “Bakı” komandası qarşılaşıb. Bu görüş ərəfəsində rəqibləri cəmi iki xal ayırırdı. “Kür” 28 xalla yarış cədvəlinin birinci, “Bakı” 26 xalla ikinci pilləsində qərarlaşmışdı. Şəxsi oyunlarda üstün olan “Bakı” final xarakterli görüşdə qələbə sayəsində çempionluğu rəsmiləşdirəcəkdi. “Kür”ə isə bunun üçün heç-heçə də kifayət edirdi. Ernest Ağakişi ilə Famil Qasımovun idarə etdiyi oyunun deleqatları beynəlxalq dərəcəli hakimlər İsgəndər Əsgərovla Ələkbər Ağakişiyev olub. Oyuna daha inamlı başlayan Mingəçevir həndbolçularının fəallığı bəhrəsiz qalmayıb. Yerli azarkeşlərin də güclü dəstəyi ilə irəli atılan “Kür” effektli hücumlar sayəsində ilk hissəni üstün tamamlamağı bacarıb – 11:7.

İkinci hissədə vəziyyəti dəyişməyə çalışan “Bakı” hücuma atılıb. Amma Sabir Nəzərəliyev və komanda yoldaşları rəqibin ciddi müqaviməti ilə üzləşiblər. Qapıçının inamlı oyunu və müdafiədəki intizamlı çıxışla diqqət çəkən “Kür” fərqin azalmasına imkan verməyib. Bu azmış kimi qonaqlar matçın son iki dəqiqəsini bir nəfər azlıqda mübarizə aparmalı olublar. Teymur Axundov komandasının onsuz da çətin vəziyyətini bir qədər də çətinləşdirib. Bundan layiqincə faydalanan ev sahibi üstünlüyü sonadək qoruyaraq oyunu qələbə ilə başa vurub -23:18.

Beləliklə, “Kür” Azərbaycan çempionu olub. Son oyunda məğlubiyyətlə barışan “Bakı” yarışın gümüş medalları ilə kifayətlənməli olub.

Sonuncu – 20-ci turda baş tutan “Azəryol” – “Qarabağ” oyununda da bürünc medalların taleyinə aydınlıq gəlib. Rəqibini 2 xal qabaqlayan “Azəryol” meydana daha rahat çıxmışdı. Belə ki, nominal ev sahibini 1 xal da qane etdiyi halda, “Qarabağ” mütləq qələbə qazanmalı idi. “AHF Arena”da keçirilən qarşılaşmanı beynəlxalq dərəcəli referilər Ələkbər Ağakişiyevlə Ernest Ağakişi idarə edib. Qarşılaşmanın deleqatı isə beynəlxalq dərəcəli hakim Vaqif Əliyev olub. Həlledici oyun gözlənildiyi kimi gərgin və maraqlı mübarizə ilə yadda qalıb. 37:35 hesabı ilə qalib gələn “Azəryol” həndbol üzrə 30-cu – yubiley çempionatının bürünc medallarına sahib çıxıb.