Həndbol: Azərbaycan millisi bu gün Litvanı qəbul edir

Həndbol üzrə qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində (AÇ-2024) bu gün növbəti oyununa çıxacaq.

Arena.az xəbər verir ki, yığmamız Bakı İdman Sarayında Litva milli komandasını qəbul edəcək.

Qarşılaşmaya saat 17:00-da start veriləcək. Bu oyunu Moldovadan olan hakimlər – Dorian Sirbu və Viktor Serdyuk idarə edəcəklər. Avropa Həndbol Federasiyasının nümayəndəsi funksiyasını türkiyəli Kənan Sivrikaya yerinə yetirəcək.

Xatırladaq ki, millimiz daha əvvəl Şimali Makedoniyaya (17:40), sonra isə İspaniyaya (18:38) uduzub.

5-ci qrupda İspaniya və Şimali Makedoniyanın hərəyə 4 xalı var. Litva və Azərbaycanın hesabında xal yoxdur.

Qeyd edək ki, yığmamız martın 3-də Litvanın qonağı olacaq. Yeri gəlmişkən, bu oyunun da hakim təyinatları məlumdur. Bu komandaların 4-cü tur çərçivəsində Vilnüsdə baş tutacaq duelini Macarıstandan olan Sofiya Marton və Rita Dane idarə edəcəklər. “Avia Solyuşens Qrup Arena”da keçiriləcək oyunun EHF nümayəndəsi isə polşalı Çezari Kuleşa olacaq.