Həndbol: Azərbaycan millisi Litvaya qalib gəldi

Həndbol üzrə qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində (AÇ-2024) bu gün növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, yığmamız Bakı İdman Sarayında Litva milli komandasını qəbul edib.

Saat 17:00-da start verilmiş oyunu Moldovadan olan hakimlər – Dorian Sirbu və Viktor Serdyuk idarə ediblər. Avropa Həndbol Federasiyasının nümayəndəsi funksiyasını türkiyəli Kənan Sivrikaya yerinə yetirib. Yığmamız bu rəqibinə 35:33 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, millimiz daha əvvəl Şimali Makedoniyaya (17:40), sonra isə İspaniyaya (18:38) uduzmuşdu.

5-ci qrupda İspaniya və Şimali Makedoniyanın hərəyə 4 xalı var. Azərbaycan millisi 2 xalla üçüncüdür. Litvanın hesabında isə xal yoxdur.

Yığmamız martın 3-də Litvanın qonağı olacaq. Yeri gəlmişkən, bu oyunun da hakim təyinatları məlumdur. Bu komandaların 4-cü tur çərçivəsində Vilnüsdə baş tutacaq duelini Macarıstandan olan Sofiya Marton və Rita Dane idarə edəcəklər. “Avia Solyuşens Qrup Arena”da keçiriləcək oyunun EHF nümayəndəsi isə polşalı Çezari Kuleşa olacaq.