Həndbol: Azərbaycan millisi Vilnüsdə Litvaya məğlub oldu

Həndbol üzrə qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində (AÇ-2024) bu gün növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, yığmamız Vilnüs şəhərində Litva milli komandasının qonağı olub.

Qarşılaşmaya Bakı vaxtı ilə saat 18:00-da start verilib. Bu oyunu Macarıstandan olan Sofiya Marton və Rita Dane idarə ediblər. “Avia Solyuşens Qrup Arena”da keçirilən oyunun EHF nümayəndəsi isə polşalı Çezari Kuleşa olub.

Xatırladaq ki, millimiz bir neçə gün öncə – fevralın 28-də Bakıda qarşılaşdığı bu rəqibini çətinliklə də olsa, məğlub etmişdi – 35:33. Komandamız bu uğurunu səfərdə də təkrarlamağa çalışıb.
Amma bugünkü qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib – 41:26.

Azərbaycan millisi daha əvvəl Şimali Makedoniyaya (17:40) və İspaniyaya (18:38) uduzmuşdu.

5-ci qrupda İspaniya yığması 6 xalla vahid liderdir. Şimali Makedoniyanın 4, Litva və Azərbaycan yığmalarının 2 xalı var.