Həndbol: “Azəryol” “Bakı”ya uduzdu, “Qarabağ” qalib gəldi

Kişilər arasında təşkil olunmuş həndbol üzrə Azərbaycan çempionatında 2023/2024 mövsümünün 12-ci turunun oyunları keçirilib.

Arena.az xəbər verir ki, lider “Kür” bu turda “İdman Akademiyası” ilə qarşılaşıb.

Mingəçevir təmsilçisi səfərdə çətinlik çəkmədən qalib gəlb – 40:29.

“Azəryol” “Bakı”nı qəbul edib. Yarış cədvəlində 14 xalla qonşu pillələrdə qərarlaşan bu komandaların mübarizəsi maraqla gözlənilirdi. Ötən tur Mingəçevirdə lider “Kür” üzərində inamlı qələbə qazanan “Azəryol” həndbolçularının bu qarşılaşmada qalib gələcəyinə inananlar çox idi. Lakin nominal qonaqlar ehtimalları alt-üst ediblər. Görüşə yaxşı başlayan “Bakı” həndbolçuları ilk hissədə 18:10 hesabı ilə irəli çıxıblar. Fasilədən sonra da meydan sahiblərinin mübarizədə dönüş yartamaq cəhdləri nəticəsiz qalıb. Görüşün sonuna kimi üstünlüyünü qoruyan “Bakı” yekunda 35:30 hesabı ilə qalib gəlib.

Son oyunda liderlər qrupuna iddia edən “Qarabağ” autsayder “Təhsil”lə qarşılaşıb. “Qarabağ” bu qarşılaşmada 41:33 hesablı qələbə qazanaraq ilk “üçlüy”ə yaxınlaşıb.

Bu nəticələrdən sonra “Kür” 19 xalla liderliyini davam etdirir. “Bakı” xallarının sayını 16-ya çatdıraraq, ikinci pilləyə yüksəlib. “Azəryol” 14, “Qarabağ” 13 xalla müvafiq olaraq 3-4-cü yerlərdə qərarlaşıblar. “Dinamo” və “İdman Akademiyası”nın hesabında 3, sonuncu pillədəki “Təhsil”də isə 2 xal var.

Həndbol, Azərbaycan çempionatı
12-ci tur

“İdman Akademiyası” – “Kür” 29:40

“Azəryol” – “Bakı” 30:35

“Qarabağ” – “Təhsil” 41:33

Xallar: “Kür” – 19. “Bakı” – 16. “Azəryol” – 14, “Qarabağ” – 13. “Dinamo”, “İdman Akademiyası” – 3. “Təhsil” – 2.