“AHF Arena”da kişilər arasında keçirilən son iki turun oyunları ilə həndbol üzrə 29-cu Azərbaycan çempionatına yekun vurulub.
Arena.az xəbər verir ki, 27-ci turun ən maraqlı görüşündə “İdman Akademiyası” ilə “Bakı” komandaları üz-üzə gəlib.
Gərgin mübarizə ilə yadda qalan oyunun əsas vaxtı 39:39 hesabı ilə bitdiyindən qalibin adına aydınlıq gətirmək üçün penaltilərə ehtiyac duyulub. Zərbələri daha dəqiq yerinə yetirən “tələbələr” növbəti qələbəni rəsmiləşdiriblər – 42:41.
Turun digər oyunlarında “Məhsul” “Dinamo”ya 35:27, “Təhsil” RİOEUGİM-ə 28:13 hesabı ilə qalib gəlib.
“Bakı” ilə “İdman Akademiyası”nın 28-ci turdakı dueli də gərgin və maraqlı mübarizə şəraitində keçib. Bu qarşılaşmanın da əsas vaxtı bərabərliklə bitib – 35:35. Penaltilərdən bu dəfə daha yaxşı yararlanan “Bakı” istəyini reallaşdıra bilib – 37:36.
“Dinamo” – “Məhsul” görüşü 13:17, RİOEUGİM – “Təhsil” matçı 19:24 hesabı ilə nəticələnib.
Bu oyunlardan sonra ölkə çempionatının bağlanış mərasimi olub. Tədbirdə çıxış edən AHF-nin baş katibi Yusif Atakişiyev, İdman şöbəsinin müdiri İsgəndər Əsgərov, Olimpiya çempionu Lyudmila Şubina 28 may Müstəqillik günü münasibəti ilə iştirakçıları təbrik ediblər. Onlar budəfəki çempionatın daha gərgin mübarizə şəraitində keçdiyini bildiriblər. Bu mövsüm komandaların sayının artırılması sevindirici hal kimi qiymətləndirilib.
Dövlət himni səsləndirildikdən sonra komandalara diplom, medal və hədiyyələr təqdim olunub.
Mövsümün yekunlarına əsasən, kişi həndbolçular arasında “İdman Akademiyası” 60 xalla Azərbaycan çempionu adına layiq görülüb. “Dinamo” 52 xala ikinci, “Məhsul” 50 xalla üçüncü yeri tutub.
Qadınlar arasında mübarizədə isə “Azəryol” qızıl, “Qarabağ” gümüş, “İdman Akademiyası” isə bürünc medallara layiq görülüb.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Həndbol Federasiyasının birgə təşkil etdiyi yarışda ümumilikdə 7 kişi (Bakı, Təhsil, Məhsul, İdman Akademiyası, Dinamo, RİOEUGİM, U-16) və 5 qadın (Azəryol, Qarabağ, İdman Akademiyası, Azərsu, U-16) kollektivi mübarizə aparıb.