Həndbol: “İdman Akademiyası”ndan daha iki qələbə

Geridə qoyduğumuz həftənin son günlərində kişilər arasında keçirilən həndbol üzrə Azərbaycan çempionatında növbəti oyunlar baş tutub. Arena.az xəbər verir ki, martın 18-də 19-cu turun, ötən gün isə 20-ci turun qarşılaşmaları keçirilib.

Azərbaycan çempionatının lideri olan “İdman Akademiyası” uğurlu oyunlar seriyasını davam etdirib. “Tələbələr” 19-cu turda “Təhsil”lə qarşılaşıblar. Gərgin və maraqlı mübarizə ilə yadda qalan görüş 30:25 hesabı ilə “İdman Akademiyası”nın xeyrinə nəticələnib.

Turun U-16 – “Məhsul” görüşü də nominal qonaqların qələbəsi ilə başa çatıb – 44:18. “Dinamo” isə RİOEUGİM komandasını 47:25 hesabı ilə məğlub edib.

20-ci turun oyunlarında da gözlənilməz nəticə qeydə alınmayıb.
“Təhsil” bu turda da “İdman Akademiyası”na ciddi müqavimət göstərməsinə rəğmən, məğlubiyyətdən qurtula bilməyib – 22:26. “Məhsul” U-16-ya bu dəfə 36:22, “Dinamo” RİOEUGİM-ə 48:17 hesabı ilə qalib gəlib.

Beləliklə, 20 turdan sonra aktivində 45 xal olan “İdman Akademiyası” həndbol üzrə Azərbaycan çempionatının vahid lideridir. “Məhsul” 35 xalla ikinci, “Dinamo” 30 xalla üçüncü pillədə qərarlaşıb. 4-cü yerdəki “Təhsil”in 27 xalı var. RİOEUGİM-lə U-16 komandası hərəyə 3 xalla 5-ci və 6-cı yerləri bölüşürlər. “Bakı” isə 1 xalla çempionatın aşkar autsayderidir.

Xəbəri sosial şəbəkələrdə paylaş: