Həndbol: “Kür”ə mövsümün ilk məğlubiyyətini “Azəryol” yaşatdı

Kişilər və qadınlar arasında həndbol üzrə 30-cu Azərbaycan çempionatında 2023/2024 mövsümünün 11-cu turunun oyunları keçirilib.

Arena.az xəbər verir ki, qadınların yarışında 11-ci tura “Qarabağ” – “İdman Akademiyası” görüşü ilə start verilib.

Gözlənildiyi kimi, liderin tam üstünlüyü ilə keçən qarşılaşma 44:14 hesabı ilə başa çatıb. Çempionluq uğrunda mübarizə aparan “Azəryol”la “Kür” daha gərgin və maraqlı oyun nümayiş etdiriblər. Fasiləyə 5 xallıq üstünlüklə yollanan Mingəçevir həndbolçuları ikinci hissədə də təşəbbüsü əldən verməyiblər. Nəticədə qonaqlar oyundan qələbə ilə ayrılıblar – 33:30.

Xallarının sayını 20-ə çatdıran “Qarabağ” ilk pillədədir. Ondan 3 xal geri qalan “Kür” ikinci, hesabında 15 xalı olan “Azəryol” isə 3-cüdür. “İdman Akademiyası” 8 xalla 4-cü yerdədir. “Bakı” 4 xalla 5-ci, hələ də xal qazana bilməyən “Gənclər Birliyi” autsayderdir.

Kişi həndbolçuların 11-ci turunda “Bakı” “Qarabağ”la qarşılaşıb. Qonşu pillələrdə qərarlaşan bu komandalarnın mübarizəsi nominal meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. Görüşə yaxşı başlayan Bakı həndbolçuları ilk hissədə böyük üstünlük əldə ediblər – 19:10. Fasilədən sonra bir qədər fəallaşan “Qarabağ” fərqi azaltsa da, yekunda uğur qazana bilməyib – 31:27.

Turun ən maraqlı qarşılaşması Mingəçevirdə olub. Çempionatin lideri “Kür” doğma azarkeşləri önündə “Azəryol”u qəbul edib. Komandanın əsas rəqiblərindən sayılan “Azəryol” inamlı oyunla Mingəçevir həndbolçularını məyus edib. İlk dəqiqələrədən təşəbbüsə yiyələnən qonaqlar birinci hissəni minimal üstünlüklə başa vurublar – 18:17. “Azəryol” ikinci yarıda daha yaxşı təsir bağışlayıb. Xüsusilə qapıçı Hüseyn Qafarov bir neçə epizodda inamlı oyunu ilə komandasının qələbəsinə töhfəsini verib. Beləliklə gərgin mübarizə “Azəryol”un 34:28 hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki, bu, “Kür”ün cari mövsümdə ilk məğlubiyyəti olub.

Xal itkisinə baxmayaraq, Mingəçevir klubu 17 xalla liderdir. Hərəyə 14 xalı olan Azəryol”la “Bakı” 2-3-cü yerləri bölüşürlər. “Qarabağ” 11 xalla 4-cü yerdə qərarlaşıb. “Dinamo” və “İdman Akademiyası”nın 3 xalı var. “Təhsil” isə cəmi 2 xal toplaya bilib.

Həndbol, Azərbaycan çempionatı
11-ci tur

Qadınlar

“Qarabağ” – “İdman Akademiyası” 44:14
“Azəryol” – “Kür” 30:33

Xal: “Qarabağ” – 20, “Kür” – 17, “Azəryol” – 15, “İdman Akademiyası” – 8, “Bakı” – 4, “Gənclər Birliyi” – 0.

Kişilər

“Bakı” – “Qarabağ” 31:27
“Kür” – “Azəryol” 28:34

Xal: “Kür” – 17, “Azəryol”, “Bakı” – 14, “Qarabağ” – 11, “Dinamo”, “İdman Akademiyası” – 3, “Təhsil” – 2.