Həndbol: “Qarabağ”la “Kür”dən heç-heçə, liderdən qələbə

Kişilər və qadınlar arasında keçirilən həndbol üzrə 30-cu Azərbaycan çempionatında 2023/2024 mövsümünün 10-cu turuna yekun vurulub.

Arena.az xəbər verir ki, qadınların Azərbaycan çempionatında 10-cu tura fevralın 6-da keçirilmiş iki oyunla start verilib.

“Bakı” ilə qarşılaşan “Qarabağ” növbəti qələbəsini qazanıb. “İdman Akademiyası” da “Gənclər Birliyi” ilə oyundan asan qələbə ilə ayrılıb.

Tur bu gün keçirilmiş “Kür” – “Azəryol” matçı ilə yekunlaşıb. Rəqibinə 29:23 hesabıyla qalib gəlmiş “Kür” turnir cədvəlindəki mövqeyini yaxşılaşdırıb.

Hazırda 18 xalı olan “Qarabağ” liderliyini davam etdirir. “Azəryol” və “Kür”ün 15 xalı var. “İdman Akademiyası” 8, “Bakı” 6 xal toplayıb. Autsayder “Gənclər Birliyi” hələ ki, xal qazana bilməyib.

Kişilərin çempionatında 10-cu tura fevralın 8-də keçirilmiş “Dinamo” – “Bakı” matçı ilə start verilib. Paytaxtın eyniadlı təmsilçisi asan qələbəyə sevinib. Ayın 10-da isə iki qarşılaşma baş tutub. “Qarabağ”la qarşılaşan lider “Kür” bu oyundan heç-heçə ilə ayrılıb. “Azəryol” isə “İdman Akademiyası” üzərində asan qələbə qazanıb.

Kişilər arasında ölkə çempionatının turnir cədvəlinə hesabında 17 xal olan “Kür” başçılıq edir. “Azəryol” və “Bakı”nın hərəyə 12 xalı var. “Qarabağ” 11 xal toplayıb. “Dinamo” ilə “İdman Akademiyası” 3 xal toplaya biliblər. “Təhsil” isə 2 xalla sonuncudur.

Həndbol, Azərbaycan çempionatı

Qadınlar

6 fevral
Bakı – Qarabağ 10:26
Gənclər Birliyi – İdman Akademiyası 15:34

11 fevral
Kür – Azəryol 29:23

Kişilər

8 fevral
Dinamo – Bakı 20:44

10 fevral
Azəryol – İdman Akademiyası 40:19
Qarabağ – Kür 27:27